Tarixdəki olaylar
19 oktyabr 1991 – Erməni silahlı dəstələri Qarabağda azərbaycanlı əhaliyə qarşı daha bir terror aktı törədib. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında minik avtomobilinin partladılması nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb.
19 oktyabr 2005 – Parlament seçkiləri (6 noyabr 2005-ci il) ərəfəsində radikal müxalifət qüvvələri ilə əlbir olaraq hakimiyyət çevrilişi həyata keçirməyə hazırlaşan, bu işə maliyyə ayıran yüksək vəzifəli şəxslər ifşa olunub. Oktyabrın 19-da iqtisadi inkişaf naziri Fərhad Əliyev, ertəsi gün səhiyyə naziri Əli İnsanov vəzifəsindən kənarlaşdırılaraq həbs olunub. Prezidentin İcra Aparatının İşlər İdarəsinin müdiri Akif Muradverdiyev, “Azərkimya” Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqov və digər şəxslər məsuliyyətə cəlb olunub. Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin apardığı təhqiqat nəticəsində onlara qarşı mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, iğtişaşa hazırlıq və s. maddələri üzrə cinayət işi açılıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
19 oktyabr 1899 – Qvatemala yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1967) laureatı Migel Anxel Asturias (Miguel Angel Asturias; 1899 – 9.6.1974) anadan olub. Əsərləri: “Senyor prezident”, “Dəfn olunmuşların başçısı” və s.
19 oktyabr 1932 – Əməkdar incəsənət xadimi, rəssam Sara Məmmədağa qızı Manafova (1932 –13.8.2007) Bakıda anadan olub. Füzulinin “Leyli və Məcnun” poemasına triptix, “Xocalı faciəsi. Haray” və s. tabloların müəllifidir. Əsərləri Moskvada Şərq Xalqları İncəsənəti Muzeyində saxlanılır.
19 oktyabr 1962 – Əməkdar rəssam, heykəltaraş Seyfəddin Əli oğlu Qurbanov (1962 – 16.11.2021) Naxçıvan MR Şərur rayonunun Siyaqut kəndində doğulub. Ukraynada yaşayıb, bu ölkənin Xalq rəssamı adına layiq görülüb. İ.Nəsiminin Kiyevdəki heykəlinin (2019) müəllifidir.
19 oktyabr 1972 – Opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (26.3.1893 – 1972) vəfat edib.
19 oktyabr 2024 – Əməkdar incəsənət xadimi, sənətşünas Sürəyya Xosrov qızı Ağayeva (29.4.1947 – 2024) vəfat edib. “Azərbaycan muğamı ensiklopediyası”nın tərtibçisidir.
Hazırladı: Vüqar Orxan