Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində (BMM) görkəmli tarzən, pedaqoq, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Ramiz Quliyevlə vida mərasimi keçirilib.
Mərhumun cənazəsi BMM-nin səhnəsində postament üzərinə qoyulmuşdu. Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından, Mədəniyyət Nazirliyi və digər qurumlar adından əklillər düzülmüşdü.
Mədəniyyət naziri Adil Kərimli mərasimdə çıxış edərək Ramiz Quliyevin zəngin həyat və yaradıcılıq yolundan danışıb. Qeyd edib ki, onun yaratdığı irs Azərbaycan mədəniyyətində bir xəzinədir və zaman onu silə bilməz. Bu irs gələcək nəsillər üçün də örnək olacaq.
“Ramiz Quliyev yalnız böyük bir ifaçı kimi deyil, həm də sənətə gətirdiyi özünəməxsus üslubla seçilirdi. O, Azərbaycan tarını, milli musiqimizi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıtmaqla mədəniyyətimizin dünyada sevilməsinə mühüm töhfə verib", - deyə nazir qeyd edib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti, professor Fərhad Bədəlbəyli deyib: "Ramiz Quliyevlə ömür boyu yaxın dost olmuşuq. Onu itirmək mənim üçün də, bütövlükdə Azərbaycan mədəniyyəti üçün də son dərəcə ağırdır. Biz Ramizlə saysız-hesabsız konsertlərdə bir yerdə iştirak etmişik. Onun sənətinə, ifasına hər zaman heyran olmuşam. Dünyanın bir çox ölkələrində böyük zal və orkestrlərin müşayiəti ilə çıxışlarımız olub. O, Azərbaycan musiqisini layiqincə təmsil edən, xalqın qəlbində özünə yer qazanmış nadir sənətkarlardan biri idi".
Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaş-zadə çıxışında Ramiz Quliyevin musiqi mədəniyyətimizi həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə layiqincə təmsil etdiyini deyib. Qeyd edib ki, Ramiz Quliyev Azərbaycan tar ifaçılığı sənətində ən yüksək səviyyəni nümayiş etdirib. “Mən düşünürəm ki, onun bu yanaşması və üslubu tar ifaçılığının ən seçilən nümunələrindən biri olaraq qalacaq,” – deyə o əlavə edib.
Xalq artisti Mənsum İbrahimov bildirib ki, Ramiz Quliyev Azərbaycan musiqi sənətində nadir istedada malik böyük sənətkar idi. Onun ifaçılığı, yaradıcılığı və musiqiyə olan yanaşması gələcək nəsillərə örnək olacaq.
Xalq artisti Vamid Məmmədəliyev çıxışında Ramiz Quliyevin musiqi irsimizin yaşadılmasında çox böyük işlər gördüyünü deyib. O bildirib ki, bütün bunlar onun tara olan sevgisindən yaranmışdı: “Gözəl xasiyyəti var idi. Sədaqətli dost, yaxşı yol yoldaşı idi. Onu itirmək olduqca ağırdır”.
Bütün iştirakçılara təşəkkürünü bildirən sənətkarı oğlu Əməkdar artist Əyyub Quliyev deyib: “Dost itirmək ayrı dərddir, müəllim itirmək ayrı dərddir, ata itirmək isə tamam başqa dərddir… Mən üçünü də itirdim…Mikayıl Müşfiqin gözəl sözləri var: Oxu tar, oxu tar, Səni kim unudar. Ramiz müəllimi heç vaxt unutmayacağıq".
Vida mərasimindən sonra Ramiz Quliyev İkinci Fəxri xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin.