Respublika Gənclər Kitabxanasında hərb tariximizdə xüsusi yeri olan, Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun qurucularından biri, müdafiə naziri, artilleriya generalı Səməd bəy Mehmandarovun 170 illik yubileyi münasibətilə daycest hazırlanıb.

Kitabxanadan bildirilib ki, material general Səməd bəy Mehmandarovun Vətən və millət qarşısındakı xidmətlərini oxuculara çatdırmaq, xüsusilə gənc nəsildə vətənpərvərlik hisslərini gücləndirmək məqsədilə ərsəyə gətirilib. Vəsaitdə onun həyat və fəaliyyəti, artilleriya generalı kimi Azərbaycan Ordusuna və Cümhuriyyətin ordu quruculuğuna verdiyi töhfələr diqqətə çatdırılır.

Daycestdə “General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncam da təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti Atamalı Şahbazovun “Brilyantla bəzədilmiş qızıl Georgi silahını alan ilk azərbaycanlı sərkərdə” adlı məqalənin tam mətni, Səməd bəy Mehmandarovun həyat və fəaliyyətinə dair 2013-2025-ci illərdə dövri mətbuatda dərc edilən məqalələrin biblioqrafik təsviri, qısa xülasəsi və elektron mənbəsi yer alır.

“İlk ordu generalımız Səməd bəy Mehmandarov" adlı daycest kitabxananın saytında (https://www.ryl.az/funds/daycest) yerləşdirilib.