Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu il beşinci dəfə təşkil edilən Mədəniyyət Yolu Festivalı sona yaxınlaşır. Aprel ayında Adanada başlanan festival indiyədək 16 şəhərdən keçib və 17-ci dayanacağına – Diyarbəkirə çatıb.
Türkiyənin tarixi-mədəni irsini, görməli yerlərini, turizm potensialını daha geniş şəkildə tanıtmaq və təbliğ etmək məqsədi daşıyan festivalın coğrafiyasına bu il 20 şəhər daxildir. Hər şəhərdə 9 gün sürən festivalın Diyarbəkir proqramı 11–19 oktyabr tarixlərini əhatə edir. Ölkənin cənub-şərqində ən böyük şəhər olan Diyarbəkir “Mədəniyyət Yolu”na dördüncü dəfə ev sahibliyi edir.
Şəhərdəki açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı, Mədəniyyət Yolu Festivalının baş direktoru Selim Terzi, Diyarbəkir valisi Murat Zorluoğlu və digər rəsmilər iştirak ediblər.
Çıxışlarda festivalın həm ölkə miqyasında, həm də regionlar müstəvisində əhəmiyyəti bir daha qeyd olunub. Həmçinin “Terrorsuz Türkiyə” hədəfinə doğru aparılan siyasətin uzun illər çatışma və gərginlikdən əziyyət çəkmiş bölgələrə, o cümlədən Diyarbəkirə daimi hüzur və əmin-amanlıq gətirəcəyinə inam ifadə olunub. Vurğulanıb ki, Türkiyənin mədəni zənginliyinin ifadəsi olan festival da bu amala doğru bir vəsilədir.
“Mədəniyyət Yolu”nun Diyarbəkir proqramında konsert və teatr tamaşaları, sərgi və muzey layihələri, sənət atelyelərində təqdimatlar – ümumilikdə 50-dən çox məkanda 300-dən çox tədbir var.
Ənənəvi Dicle Sənədli Film Festivalı (14-17 oktyabr) da bu il “Mədəniyyət Yolu” ilə bir arada keçirilir. Festival filmlərinə baxışla yanaşı “Vizual mədəniyyətdə yaddaş və rəqəmsallaşma: kino-televiziyanın dəyişən dili”; “Rəqəmsal dalğada kino: transformasiya, yenidənqurulma və gələcək”, “Türk televiziya dramlarının beynəlxalq bazarda uğuru” kimi mövzularda panel müzakirələri aparılır.
Qeyd edək ki, Türkiyə Mədəniyyət Yolu Festivalının marşrutunda Diyarbəkirdən sonra üç şəhər qalır. Festival 18–26 oktyabrda Mardin, 25 oktyabr – 2 noyabrda İzmir şəhərlərində, 1–9 noyabr tarixlərində isə Antalyada keçiriləcək.
Yeri gəlmişkən, 3-5 noyabr tarixlərində Antalyada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Azərbaycan Mədəniyyət Elçilərinin Forumu"nun keçirilməsi nəzərdə tutulur. Forum iştirakçıları fəxri qonaq kimi Antalya Mədəniyyət Yolu Festivalına da qatılacaqlar.
Vüqar Orxan