Bakı Slavyan Universitetinin (BSU) Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” adlı XVI beynəlxalq elmi konfransının regional bölmə iclası Gəncədə keçirilib.

BSU-dan bildirilib ki, konfrans iştirakçıları əvvəlcə Gəncə şəhərində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli liderin həyat və fəaliyyətinə dair sərgi ilə tanışlıq olub.

Plenar iclasda Heydər Əliyevin həyat yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

BSU-nun rektoru Anar Nağıyev çıxış edərək “Azərbaycanşünaslığın aktual məsələləri” mövzusunda beynəlxalq elmi konfransın regional bölmələrinin artıq ənənə halını aldığını qeyd edib. Bildirib ki, əvvəlki illərdə konfransın regional bölmələri Lənkəran Dövlət Universiteti (LDU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı ilə birgə təşkil edilib.

A.Nağıyev qeyd edib ki, 7-8 may tarixlərində keçirilən builki konfransa Azərbaycan, Türkiyə, Rusiya, Şimali Makedoniya və İndoneziyadan ümumilikdə 167 məruzə qəbul edilib. Bölmə iclaslarında “Heydər Əliyev və güclü Azərbaycan”, “Qərbi Azərbaycan: milli irs və qayıdış hüququ”, “Yeni dövrün çağırışları: milli ideya və gələcəyə baxış”, “Konstitusiya və suverenlik”, “Müharibə və postmüharibə dövrü ədəbiyyatda və incəsənətdə”, “Yeni geosiyasi mərkəz – Türk dünyası” kimi mövzular müzakirə olunub.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Milli Məclisin deputatı Vüqar Rəhimzadə və digər çıxış edənlər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi, müstəqil Azərbaycanın inkişaf yolu, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlər və zəfər tariximiz barədə fikirlər səsləndiriblər.

BSU-nun Azərbaycan tarixi və multikulturalizm kafedrasının müdiri Əsgər Əhmədin moderatorluğu ilə keçən bölmə iclasında BSU, GDU və ADAU nümayəndələri tərəfindən məruzələr təqdim olunub.