Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə mayın 23-də dahi bəstəkarın Bakıdakı ev-muzeyində Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin müəllimi İsmayıl Cəfərovun 28 May – Müstəqilik Gününə həsr olunmuş sinif konsert keçirildi.
Tədbir musiqi irsimizin əvəzsiz siması Üzeyir Hacıbəylinin yaradıcılığı ilə Azərbaycan tarixinin mühüm mərhələlərini birləşdirərək, onun milli mədəniyyətimizdəki misilsiz rolunu yenidən diqqətə çatdırdı.
Konsertdən öncə muzeyin direktoru Xalq artisti Sərdar Fərəcov və məktəbin direktoru Tofiq Salmanov çıxış etdilər.
Sərdar Fərəcov böyük bəstəkarın 140 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən danışaraq, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətində tutduğu yeri xüsusi vurğuladı. O, həmçinin İsmayıl Cəfərovun peşəkarlığını yüksək qiymətləndirərək, ona və şagirdlərinə uğurlar arzuladı.
Tofiq Salmanov da İsmayıl müəllimin əməyi və yaradıcılığı haqqında fikirlərini bölüşərək, kollektivə nailiyyətlər dilədi.
Konsert proqramında Ü.Hacıbəylinin “Arazbarı”, T.Bakıxanovun “Elegiya”, K.Bohmun “Daimi hərəkət”, K.V.Qlyukun "Şən rəqs", V.Kosmanın “Oyuncaq” filmindən musiqi, T.Quliyevin "Vals", Y.S.Baxın “a moll konsert”inin birinci hissəsi və Ç.Gardelin “Por una cabeza” əsərləri ifa olundu.
İsmayıl Cəfərovun rəhbərlik etdiyi "Dominant" kvarteti Üzeyir bəyin “Arazbarı” və Gardelin “Por una cabeza” əsərlərini ustalıqla ifa edərək xüsusilə diqqəti çəkdi.
Konsertdən sonra iştirakçılar muzeydə təşkil olunan ekskursiyada bəstəkarın həyat və yaradıcılığına aid eksponatlarla tanış oldular.
Tədbir Üzeyir Hacıbəyli irsinin Azərbaycan musiqi mədəniyyəti tarixində əvəzsiz sərvət olduğunu bir daha nümayiş etdirdi.
Vəfa Bağırzadə
Üzeyir Hacıbəylinin ev-muzeyinin şöbə müdiri