Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə regional idarənin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin iştirakı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib.

“Heydər Əliyev və Azərbaycan Konstitusiyası” mövzusunda konfransda Şəki-Zaqatala RMİ-nin və Heydər Əliyev mərkəzlərinin əməkdaşları çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin dövlətçilik strategiyası Azərbaycanın müasir Konstitusiyasının əsasını təşkil edir. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya, Ulu öndərin rəhbərliyi ilə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulmasına, insan hüquq və azadlıqlarının təmininə, dövlətin suverenliyinin və müstəqilliyinin qorunmasına yönəlmiş mühüm sənəddir. Qeyd edilib ki, mədəniyyət müəssisələrinin və Heydər Əliyev mərkəzlərinin əsas vəzifələrindən biri də gənc nəsli Konstitusiya dəyərləri əsasında tərbiyə etmək, hüquqi maarifləndirməni gücləndirməkdir.

***

Konfransdan sonra Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə qonaqlar üçün şairin Şəkidəki ev-muzeyinə ekskursiya təşkil olunub.

Ziyarətçilərə şairin şəxsi əşyaları, əlyazmaları, arxiv sənədləri və nadir fotoşəkilləri nümayiş etdirilib. Ekskursiya iştirakçılarına şairin milli ruhda, vətənpərvərlik mövzusunda qələmə aldığı əsərləri haqqında ətraflı məlumat verilib.

 Nurəddin