Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) təşkilatçılığı ilə “CineMastercard" kinoteatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun (1935–2016) 90 illik yubileyi qeyd olunub. Yazıçının eyniadlı əsəri əsasında çəkilmiş “Ondan yaxşı qardaş yox idi” filminin (rejissor Murad İbrahimbəyov) nümayişi keçirilib.

AKİ-nin katibi Oleq Səfərəliyevin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev M.İbrahimbəyovla bağlı xatirələrini bölüşüb, onun Azərbaycan ədəbiyyatına və dramaturgiyasına verdiyi töhfələrdən danışıb.

Filmin rejissoru Murad İbrahimbəyov çıxış edərək, yaradıcı heyətin üzvlərini səhnəyə dəvət edib.

Xalq artisti Hacı İsmayılov filmdə çəkilməsidən və ümumiyyətlə, İbrahimbəyovlar qardaşlarının onun yaradıcılığında rolundan söhbət açıb.

Ekran əsərində rol almış Əməkdar artistlər Şəlalə Şahvələdqızı və Nazir Rüstəmov çəkiliş prosesi haqqında maraqlı faktları tamaşaçılarla bölüşüblər.

Qeyd edək ki, “Ondan yaxşı qardaş yox idi” bədii filmi 2010-cu ildə ekranlaşdırılıb və Azərbaycan, Rusiya və Bolqarıstan kinematoqrafçılarının müştərək işidir. Filmdə Nino Ninidze, Sergey Puskepalis, Yevgeni Sıqanov, Timur Bədəlbəyli, Mikayıl Mikayılov və başqaları çəkiliblər.