Qırğızıstanın görkəmli şairi Alıkul Osmonovun (1915–1950) anadan olmasının 110 illiyi münasibətilə paytaxtı Bişkekdə "Alıkul Osmonovun poeziya dünyası" adlı beynəlxalq forum keçirilib. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova forumda iştirak edib.

Fonddan bildirilib ki, forum müasir qırğız poeziyasının banilərindən biri olan şairin yaradıcılığının elmi müstəvidə təbliği və tədqiqi məqsədilə təşkil olunub.

Aktotı Raimkulova forumda çıxış edərək Alıkul Osmonovun poetik irsinin türk dünyası üçün əhəmiyyətini vurğulayıb. O, 2024-cü ildə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Alıkul Osmonovun Bişkek şəhərindəki ev-muzeyinin bərpası və ekspoziyanın yenilənməsi layihəsinin uğurla icra olunduğunu qeyd edib. Fondun türk mədəniyyəti, ədəbi irs və mədəniyyətlərarası əməkdaşlığın təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslər forum iştirakçılarının diqqətinə çatdırılıb.

Forum iştirakçıları Alıkul Osmonovun ev-muzeyini ziyarət edib, yenilənmiş ekspozisiya ilə tanış olublar.

Mərasimdə Qırğız Respublikası dövlət katibi Suyunbek Kasmambetov, digər rəsmilər iştirak ediblər.

“Alıkul Osmonovun ev-muzeyi, sadəcə, mədəni obyekt deyil, xalqın tarixi yaddaşı ilə canlı təmas nöqtəsidir. Fondun bu məkanı yeniləməyə töhfə verməsi ilə qürur duyuruq, çünki məhz bu cür məkanlar gənc nəslə milli irsə hörmət və varislik hissini aşılayır”, – deyə Aktotı Raimkulova bildirib. 

Qeyd edək ki, bu, Türk Mədəniyyəti və İrsi Fondunun ilk genişmiqyaslı restavrasiya layihəsidir.