Aprelin 8-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2 nömrəli filialının əməkdaşları tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində 6 aprel – “Beynəlxalq cizgi filmləri günü” münasibətilə tədbir və kitab sərgisi təşkil olunub.
Tədbirin məqsədi fiziki məhdudiyyətli uşaqların sosiallaşmasına dəstək olmaq, nağıl qəhrəmanlarını cizgi filmləri vasitəsilə tanıtmaq, dinləmə bacarıqlarını inkişaf etdirməkdir.
Kitabxananın əməkdaşları əlamətdar günün yaranma tarixi haqqında məlumat veriblər.
Bildirilib ki, 1906-cı il aprelin 6-da Con Stüart Blekton və Albert Smit ABŞ-nin Kinoteatr Birliyi ilə “Gülməli üzlərin gülməli mərhələləri” adlı film çəkiblər. Bu, animasiya tarixində ilk cizgi filmi hesab edilir. Əlamətdar gün isə 96 il sonra – 2002-ci ildə Beynəlxalq Animasiya Filmləri Dərnəyi tərəfindən təsis olunub. Əsas məqsəd animasiya sənətinin təhsil və mədəniyyət sahəsində töhfələrini təşviq etmək, eləcə də uşaqların inkişafında cizgi filmlərin rolunu geniş ictimaiyyətə çatdırmaqdır.
Qeyd ounub ki, Azərbaycanda animasiyanın yaranma tarixi XX əsrin 30-cu illərinə təsadüf edir. Azərbaycan cizgi filmlərinin ən məşhurları sırasında “Tıq-tıq xanım”, “Cırtdan”, “Təpəgöz” və s. ekran işləri var.
Tədbirdə sonra bir neçə cizgi filmi nümayiş olunub. Daha sonra uşaqlar kitab sərgisi ilə tanış olublar.
***
Qeyd edək ki, Respublika Uşaq Kitabxanasının məlumat-biblioqrafiya şöbəsi “6 aprel – Beynəlxalq cizgi filmləri günü” ilə əlaqədar kitab və dövri mətbuat materiallarından ibarət biblioqrafik siyahı da tərtib edib.
Biblioqrafik siyahı ilə bu linkdə tanış olmaq olar.