Tanınmış pedaqoq, Azərbaycan səhnə danışığı sənətinin banilərindən biri, Əməkdar müəllim Əzizağa Quliyev 8 aprel 2025-ci il tarixində, 85 yaşında vəfat edib. 

Əzizağa Rza oğlu Quliyev 4 may 1940-cı ildə anadan olub. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Kino və teatr aktyorluğu şöbəsində təhsil alıb. 1965–1968-ci illərdə Moskvada səhnə danışığı ixtisası üzrə təhsilini təkmilləşdirib.

Əzizağa Quliyev ömrünün 53 ilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) pedaqoji fəaliyyətə həsr edib. 1968–1990-cı illərdə baş müəllim, 1990-cı ildən dosent kimi fəaliyyət göstərib. O, 1989–2001-ci illərdə ADMİU-da Səhnə danışığı kafedrasının müdiri olub. 1996–2001-ci illərdə isə kafedranın professoru vəzifəsində çalışıb.

Professional aktyorların hazırlanmasında böyük xidmətləri olan Ə.Quliyev “Diksiya və bəzi metodik göstərişlər” (1975), “Mətn üzərində iş” (1979), “Səhnə danışığı” fənninə dair metodiki göstəriş” (1981), “Orfoepiyaya dair metodik göstərişlər” (1983), “Səhnə danışığı və onun tədrisi haqqında” (1989), “K.S. Stanislavski səhnə danışığı haqqında” (1989), “Yanıltımaclarla danışıq texnikasının təkmilləşdirilməsi” (1996), “Təmsil üzərində aparılan işin aktyor tərbiyəsində əhəmiyyəti” (1998) və “Səhnə danışığı” (2011) adlı dərslik və digər nəşrlərin müəllifidir.

O, həmçinin Qriqori Kristinin “Stanislavski məktəbi əsasında aktyor tərbiyəsi” (1979) və Boris Zaxavanın “Aktyor və rejissor sənəti sənəti” (1984, Nəsir Sadıqzadə ilə birlikdə) adlı fundamental dərslikləri dilimizə tərcümə edib.

Uzunillik elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilən alim Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı müvafiq sərəncamla “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.