Tanınmış folklorşünas-alim, AMEA Folklor İnstitutu Aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli 21 mart 2025-ci il tarixində, ömrünün 79-cu ilində vəfat edib.
Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının (Gürcüstan) Faxralı kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini bitirib.
Bir müddət pedaqoji fəaliyyətlə məşğul olan 1979-cu ildən Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsində elmi fəaliyyətə başlayıb. 1994-cü ildə böyük elmi işçi kimi Folklor Elmi-Mədəni Mərkəzində (AMEA-nın indiki Folklor İnstitutu) fəaliyyətini davam etdirib. 1998-ci ildə “Azərbaycan aşıq yaradıcılığında təcnis” mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyasını müdafiə edib.
“Təcnis sənətkarlığı” (1998) və “Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti” (2014) adlı monoqrafiyaların müəllifi olan alimin toplayıb tərtib etdiyi 10-dan çox kitabı işıq üzü görüb.
Elxan Məmmədli 1969–2009-cu illər ərzində Azərbaycan Radio və Televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verilişlərinin müəllifi və aparıcısı kimi tanınıb. O, eyni zamanda Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin üzvü idi.
Folklorşünas-alim Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.