Martın 17-də Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyasının onlayn platforması təqdim edilib.

DİM İdarə heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan dili üzrə sertifikasiya imtahanının doğma dilimizin inkişafı üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, bir müddət öncə Dövlət İmtahan Mərkəzi mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli hazırlayaraq ictimaiyyətə təqdim edib: “Həmin proqram Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib”.

Artıq imtahanın sınaq versiyasının onlayn platforması hazır olduğunu qeyd edən sədr imtahan modelinin dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirildiyini qeyd edib.

Məleykə Abbaszadə imtahanın Azərbaycan dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi üçün etibarlı bir mexanizm kimi fəaliyyət göstərəcəyinə əmin olduğunu diqqətə çatdırıb və hər kəsi qeydiyyatdan keçərək yoxlama alətlərinin təkmilləşdirilməsi üçün bu prosesdə aktiv iştirak etməyə çağırıb.

İmtahan proqramının elmi redaktoru və həmmüəlliflərindən biri – Azərbaycan Dillər Universitetinin baş müəllimi Səbinə Əliyeva imtahanın məzmununun hazırlanmasında istinad olunan proqramın elmi-metodiki əsasları barədə çıxış edib.

DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva imtahan modelinin beynəlxalq standartlara uyğunluğu ilə bağlı məlumat verib. Qeyd edib ki, sertifikasiya imtahanı Azərbaycan dili üzrə bilik və bacarıqların A1-dən C2-yə qədər müxtəlif səviyyələr üzrə qiymətləndirilməsini nəzərdə tutur.

Azərbaycan dili üzrə sertifikasiya imtahanının onlayn platformasının sınaq versiyası iştirakçılara nümayiş etdirilib.

Platforma 17 martdan etibarən DİM-in rəsmi internet səhifəsində sınaq müddətinə istifadəyə verilib. Sınaq prosesinin məqsədi imtahanın effektivliyini yoxlamaq və daha da təkmilləşdirməkdir.

İştirakçılar ödənişsiz şəkildə sınaq prosesində iştirak edə bilərlər. Namizədlərin imtahan nəticələri emal olunduqdan sonra qeydiyyat zamanı göstərdikləri elektron poçt ünvanına göndərilir.

***

Təqdimat zamanı DİM-in xarici dillər üzrə keçirdyi sertifikasiya imtahanarı ilə bağlı iradlar da səslənib. 

AMEA Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova diqqətə çatdırıb ki, institutda doktorantura yerləri dörd ildir boş qalıb. Səbəb isə doktoranturaya qəbul olmaq istəyənlərin ingilis dili imtahanından keçə bilməməsidir.

O qeyd edib ki, doktoranturaya qəbul zamanı ingilis dili imtahanları İELTS səviyyəsində təşkil edildiyinə görə azərbaycanlı alimlər bu imtahandan keçə bilmirlər və nəticədə yerlər boş qalıb.

Məleykə Abbaszadə isə bu iradına cavab olaraq bildirib ki, DİM-in keçirdiyi həmin imtahanlarda ingilis dili B2 səviyyəsində tələb olunur.

Sayalı Sadıqova Azərbaycan dilində tədqiqat aparan folklorşünasın, dilçi alimin ingilis dilini bu səviyyədə bilməsinə ehtiyac olmadığını deyib.