Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli balet ustası, pedaqoq, Xalq artisti, Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva 12 mart 2025-ci il tarixində, ömrünün 79-cu ilində vəfat edib.

Tamilla Xudadat qızı Şirəliyeva 8 dekabr 1946-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

Tamilla Şirəliyeva Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov), Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Ayişə, Fiyetta ("Yeddi gözəl", "İldırımlı yollarla", Qara Qarayev), Odetta-Odilliya ("Qu gölü", Pyotr Çaykovski), Kitri, Paxita ("Paxita", L.Minkus), Şəhrizad ("Min bir gecə", Fikrət Əmirov) və s. əsas partiyaları böyük məharətlə ifa edib.

Sənətkar eyni zamanda Tofiq Bakıxanovun “Xeyir və Şər”, “Xəzər balladası”, Aqşin Əlizadənin “Qafqaza səyahət” baletlərinə və Niyazinin “Rast” muğam-baletinə quruluş verib.  

Tamilla Şirəliyeva 1977-ci ildən eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub. O, 1970-ci ildə “Əməkdar artist”, 1978-ci ildə “Xalq artisti” fəxri adları ilə təltif olunub. 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2006-cı ildə isə "Şöhrət" ordeninə layiq görülüb.

Əfsanəvi balerina 2023-cü ildə “Mədəniyyət” qəzetinə müsahibəsində ömrünü həsr etdiyi sənət barədə demişdi: “Balet artistinin səhnə ömrü adətən iyirmi ildir. Amma mən düz 25 il səhnədə oldum. Səhnədə olduğum illərdə də teatrda hazırlanan bütün əsərlərdə əsas partiyaları ifa etdim... Balet artistləri belağrısından, balerinalar isə həm də ayaq ağrısından əziyyət çəkirlər. Nə qədər barmaqlarını qatlayıb yerimək, rəqs etmək olar?! Bəzən tamaşadan sonra puantları çıxaranda görürsən ki, barmaqlarının ucu qanın içindədir...”. 

Allah rəhmət eləsin.