
Kitabın adının seçilməsi Mir Cəlalın məşhur “Bir gəncin manifesti” romanı ilə bağlı olduğunu deyən H.M.Paşayev, həyata baxışlarında, dünyagörüşünün formalaşmasında atasının fövqəladə rolu olduğunu dilə gətirdi.
O, kitabı rus dilində redaktə etmiş Siyavuş Məmmədzadə və tərcüməçi Eldar İsmayılova öz təşəkkürünü bildirdi. Tərcüməçi Siyavuş Məmmədzadə kitabın rus dilində nəşrini vacib adlandırdı: “Bu iş mənim üçün həm də bir kəşf oldu. Mən Hafiz Paşayevi alim-fizik kimi tanıyırdım, indi isə onu görkəmli diplomat kimi kəşf etdim”. Akademik Vasim Məmmədəliyev bu kitabı bitkin, dolğun, zəngin faktlara əsaslanan toplu adlandıraraq, əsərin ictimai-siyasi əhəmiyyətindən danışdı: “Kitabda ümummilli lider Heydər Əliyevin xarici siyasətimizdə ABŞ ilə münasibətlərimizə mühüm qiymət verməsi, bu əlaqələrin durmadan inkişafı və möhkəmlənməsi yolunda ciddi səyləri konkret faktlarla oxuculara çatdırılıb. Dolğun, zəngin faktlara əsaslanan toplu, mühüm tədqiqat işidir, onun diplomatların stolüstü kitabına çevriləcəyinə əminəm”.
Təqdimetmə mərasimində mədəniyyət və turizm nazirinin müavinləri - Sevda Məmmədəliyeva, Ədalət Vəliyev, xalq yazıçları Anar, Cingiz Abdullayev və bir çox mədəniyyət, incəsənət xadimləri iştirak etdilər. Məlumat üçün bildirək ki, Hafiz Mir Cəlal oğlu Paşayev Azərbaycan Respublikasının ABŞ-da ilk səfiri kimi 14 aprel 1993-cü ildə prezident Bill Klintona Etimadnaməsini təqdim etmişdir.
H.Paşayev 1963-cü ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmiş, Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunda aspirant olmuş, 1971-ci ildə fizika-riyaziyyat elmləri namizədi, alimlik dərəcəsini almışdır. 1975-1976-cı illərdə Kaliforniya Universitetində tədqiqat aparmışdır.1984-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Vaşinqtondakı fəaliyyətini bitirdikdən sonra Bakıya qayıdaraq 2006-cı ildən xarici işlər nazirinin müavini və Diplomatik Akademiyanın rektoru vəzifəsində işləyir. 100-dən artıq elmi məqalə və kitabın müəllifidir. Azərbaycanın Vaşinqtondakı səfirliyinin təcrübəsi və müəllifin zəngin şəxsi təəssüratları əsasında yazılmış kitabda geniş spektrli mövzularla yanaşı, mühüm siyasi, ictimai hadisə və cərəyanların maraqlı detalları işıqlandırılır. Təqdimatın sonunda professor Hafiz Paşayev kitabları imzalayaraq, mərasim iştirakçılarına təqdim etdi.
Turan