Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən görkəmli xalçaşünas alim, pedaqoq, sənətşünas, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Kərimovun (1906–1991) 120 illiyi münasibətilə “Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim olunub.
Kitabxanadan verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin “Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən hazırlanan elektron məlumat bazası Azərbaycan xalçaçılığınıın inkişafında müstəsna xidmətləri olan sənətkarın zəngin elmi-bədii irsinin sistemli şəkildə geniş oxucu auditoriyasına çatdırılması məqsədi daşıyır.
Elektron topluda rəsmi sənədlər, Lətif Kərimovun həyat və yaradıcılığı, görkəmli şəxslərin Lətif Kərimov haqqında fikirləri, sənətkarın elmi və pedaqoji fəaliyyəti, Azərbaycan xalçalarının ornamental və kompozisiya xüsusiyyətlərinin tədqiqi sahəsində fundamental araşdırmaları, haqqında nəşr edilmiş kitablar, elmi məqalələr, dövri mətbuat materialları, eləcə də foto və videolar yer alıb.
Milli Kitabxanada ərsəyə gələn elektron resurs Azərbaycan xalçaçılıq məktəblərinin elmi əsaslarla tədqiqi və milli mədəni irsimizin təbliği baxımından da mühüm informasiya mənbəyidir.



















