Xəbər verdiyimiz kimi, Azərbaycanın tarixini, mədəniyyətini və müasir inkişaf nailiyyətlərini dünyada tanıdan “İRS” beynəlxalq jurnalı bu yaxınlarda özbək dilində (“İRS-Meros”) də nəşrə başlayıb.

Ölkəmizin Özbəkistandakı səfirliyinin dəstəyi ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “İRS-Meros” jurnalının təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən səfir Rəşad Məmmədov Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan çoxəsrlik dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. O, “İRS” beynəlxalq jurnalının özbək dilində nəşrinin Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin qardaş Özbəkistan ictimaiyyətinə daha yaxından tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Diplomat bu cür nəşrlərin xalqlarımız arasında qarşılıqlı anlaşmanın, əbədi dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, eləcə də iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini bildirib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli də jurnalın özbək dilində nəşrinin ortaq mədəni dəyərlərin təbliğinə, ədəbi və elmi mübadilənin genişlənməsinə, eləcə də xalqlarımız arasında mənəvi bağların daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Daşkənd Şəhər Şurasının deputatı, professor Cəmilə Şərmuhəmmədova, Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi yanında Kinematoqrafiya Agentliyinin idarə rəisi, Özbəkistan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Şöhrət Hayitov, Özbəkistan Təsviri Sənət Qalereyasının direktoru Kamola Akilova və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov “İRS-Meros” jurnalının əhəmiyyətindən bəhs ediblər.

Təqdimat mərasimində çıxış edən “İRS” beynəlxalq jurnalının baş redaktoru, Bakı Dövlət Universitetinin Mədəni İrsin Araşdırılması Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Musa Mərcanlı nəşrin yaranma tarixi, inkişaf mərhələləri və beynəlxalq fəaliyyəti haqqında ətraflı məlumat verib. O, jurnalın özbək dilində nəşrinin əhəmiyyətini vurğulayaraq, nəşrin hazırlanmasına və təqdimat mərasiminin təşkilinə göstərilən dəstəyə görə Azərbaycanın Özbəkistandakı səfirliyinə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, eləcə də layihənin həyata keçirilməsində əməyi olan bütün tərəfdaşlara təşəkkürünü bildirib.

Əlavə edək ki, 20 ildən çoxdur fəaliyyət göstərən "İRS” beynəlxalq jurnalı 22 dildə nəşr olunur və dünyanın 70-dən çox ölkəsində yayılır.