Türkiyədən Şimali Kiprə dəniz vasitəsilə qaz kəməri çəkilməsi təşəbbüsü praktik müstəviyə keçir. Türkiyənin "Oruç Reis" seysmik gəmisi 101 kilometrlik boru kəmərinin dəniz dibi təhlilini aparmaq üçün Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) sahillərinə gəlib.

Türkiyə mediasının məlumatına görə, boru kəməri iki qoldan ibarət olacaq: 4 kilometrlik hissə quruda, 97 kilometrlik hissə isə dəniz dibi boyunca uzanacaq.

"Oruç Reis" hazırda Girnə limanı sahilində lövbər salıb və dəniz dibinin xəritələşdirilməsi də daxil olmaqla 3D tədqiqatlara başlayacaq. Eyni zamanda, gəmiyə dənizin bu sektorunda yataqların olması ehtimalını təhlil etmək tapşırılıb.

Bu çalışmalar Anamur (Mersin, Türkiyə) – Teknecik (Girnə yaxınlığı, Şimali Kipr) təbii qaz kəməri ilə bağlı daha öncə başlanan elmi və sualtı tədqiqatların davamını təşkil edir.

Təşəbbüs təkcə ŞKTC-ni təbii qazla təmin etməyi deyil, həm də Kipr adası yaxınlığında kəşf edilə biləcək qazı Avropa bazarlarına ixrac etməyi hədəfləyir.

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, layihənin texniki hissəsinin bir il ərzində, boru kəməri tikintisinin isə 2028-ci ildə tamamlanması planlaşdırılır.

Xatırladaq ki, 2015-ci ildə Türkiyədən Şimali Kiprə dənizin dibi ilə içməli su boru xətti çəkilib.

 

Vüqar Orxan