Oktyabrın 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Cahangir Cahangirovun (1921–1992) 105 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
Filarmoniyadan verilən məlumata görə, konsertin əvvəlində musiqişünas Vəfa Abbasova bəstəkarın həyat və yaradıcılığı, Azərbaycan musiqi mədəniyyətindəki mühüm rolu və zəngin sənət irsi haqqında danışıb.
Proqram boyunca Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq çalğı alətləri orkestri (baş dirijor Mustafa Aşurov) və xor qrupu (xormeyster Naala Baratelia) tərəfindən Cahangir Cahangirovun ölməz əsərləri səsləndirilib.
Solist qismində Gülyaz Məmmədova, Elçin Həşimov (tar), Almaz Orucova, Zakir Əliyev, Fərqanə Qasımova, Elnur Əhmədov (kamança), Nurlan Əzizbəyli, Amil Həsənoğlu, Günay İmamverdiyeva, İsmayıl Zeynalov və Mədinə Şahgəldiyeva (kamança) çıxış ediblər.
Alqışlarla müşayiət olunan proqram Cahangir Cahangirov musiqisinin möhtəşəmliyini, onun milli bəstəkarlıq sənətində əvəzsiz yerini bir daha nümayiş etdirib.






























