Oktyabrın 10-da Xətai Sənət Mərkəzində etüd əsərlərə ictimai marağın artırılması, naturanın bilavasitə öyrənilməsi, eləcə də onun real simasının dolğun əks etdirilməsinə yanaşmanın inkişaf etdirilməsi məqsədilə peşəkar rəssamlar arasında elan olunmuş plener əsərlər sərgisinin açılışı olacaq.

Sərgidə mövzu və texnikası sərbəst olan əsərlər nümayiş etdiriləcək.

Xətai Sənət Mərkəzindən verilən məıumata görə, sərgiyə 200-ə yaxın peşəkar rəssam tərəfindən 400-dən çox etüd əsəri təqdim olunub. İştirakçılar arasında Belarus, Qazaxıstan, Finlandiya, Əlcəzair və Hindistandan da rəssamlar var.

İştirakçıların əksəriyyətinin iki və daha çox əsərinin yüksək bal toplamasına baxmayaraq, sərgidə daha çox fərqli dəst-xəttin təqdim olunması məqsədilə yekun seçim “bir rəssam – bir əsər” prinsipi əsasında aparılıb. Tədbirə rəng qatmaq məqsədilə qonaq rəssamların əsərləri də ekspozisiyaya daxil edilib.

Sərgi oktyabrın 13-dək davam edəcək. Nümayiş olunan əsərlər sonradan müəlliflərə qaytarılacaq.

Əsəri sərgilənən iştirakçılara sertifikat təqdim ediləcək. 10 əsərin müəllifi isə etüd turuna dəvət olunacaq.

Sərginin onlayn kataloqu ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.