F. Köçərli adına Respublika Uşaq Kitabxanası ilə Qazaxıstan Respublikasının Kostanay şəhərində fəaliyyət göstərən “Qərb” filial-kitabxanası arasında onlayn görüş keçirilib.
Bu barədə Respublika Uşaq Kitabxanasından məlumat verilib.
Uşaq ədəbiyyatının təbliği, mütaliə mədəniyyətinin inkişaf etdirilməsi və Azərbaycan–Qazaxıstan ədəbi-mədəni əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə təşkil olunan görüşə azərbaycanlı uşaq yazarı Lala Umud və qazaxıstanlı yazar Aleksandra Suslova qonaq qismində dəvət olunublar.
Görüşdə milli-mənəvi və mədəni dəyərlərin qorunması və gənc nəslə aşılanması, uşaqların mütaliəyə marağının artırılması və oxu vərdişlərinin formalaşdırılması, həmçinin kitabın uşaqların intellektual, mənəvi və estetik inkişafındakı mühüm rolu vurğulanıb.
Onlayn görüş çərçivəsində Azərbaycan və Qazaxıstanın qarşılıqlı ədəbi-mədəni irsinə, milli ədəbiyyat nümunələrinə və kitabxana fondlarına xüsusi diqqət yetirilib. Kostanay şəhəri “Qərb” filial-kitabxanasının əməkdaşları fondlarında olan Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri haqqında məlumat verib, Azərbaycan ədəbiyyatına və mədəni irsinə göstərilən maraqdan söz açıblar.
Respublika Uşaq Kitabxanası tərəfindən Qazaxıstanın ədəbiyyatı, tarixi və mədəniyyətini əks etdirən müxtəlif nəşrlərdən ibarət kitab sərgisi nümayiş etdirilib. Sərgidə kitabxana tərəfindən hazırlanmış metodik vəsaitlər, tədris-metodik materiallar və digər nəşrlər də diqqətinə çatdırılıb.
Yazıçı Lala Umud yaradıcılıq fəaliyyəti, uşaqlar üçün qələmə aldığı əsərlər barədə fikirlərini bölüşüb. O, “Nəğmələr toplayan quş” kitabı haqqında məlumat verərək əsərin yaranma ideyasından, süjet xəttindən və uşaqlar üçün daşıdığı mənəvi-estetik dəyərlərdən bəhs edib.
Qazaxıstanlı yazıçı və şair A.Suslova uşaqlar üçün yazdığı əsərlərdən nümunələr oxuyub, yaradıcılıq fəaliyyəti və uşaq ədəbiyyatına yanaşması barədə iştirakçılarla fikirlərini bölüşüb.
Tədbirin interaktiv hissəsində Azərbaycan və Qazaxıstan məktəbliləri fəal iştirak ediblər. Şagirdlər yazıçılara və kitabxana əməkdaşlarına müxtəlif mövzularda suallar ünvanlayıb, mütaliə vərdişləri, sevdikləri kitablar, müasir uşaq ədəbiyyatı və yaradıcılıq prosesi ilə bağlı səmimi fikir mübadiləsi aparıblar.
Tədbir zamanı hər iki ölkənin uşaqları arasında mütaliə mədəniyyətinin təşviqi, milli və ümumbəşəri dəyərlərin təbliği, uşaq ədəbiyyatına marağın artırılması istiqamətində birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.






















