Xəbər verdiyimiz kimi, 1-5 oktyabr tarixlərində V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir.

Festivalın ilk tamaşasını ev sahibi – Şəki Dövlət Dram Teatrı təqdim edib.

Türk dramaturqu Tuncer Cücenoğlunun eyniadlı əsəri əsasında hazırlanan“Uçqun” tamaşasının quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, baletmeysteri Çingiz Novruzəliyev, musiqilərin tərtibat və aranjimançısı Xatirə Orucova, vokal üzrə müəllim Fərqanə Salamovadır.

Rolları Əməkdar artist, Prezidentin fərdi təqaüdçüsü Xanlar Həşimzadə (Baş hakim), Əməkdar artist Əbülfət Salahov (Baba), Əməkdar artist Rəhim Qocayev (Ata), Prezident mükafatçısı Lalə Məmməd (Nənə), aktyorlar Aytac İsmayılzadə (Gəlin), Cavidan Eminov (Oğul), Nazilə İmamhüseynova (Ana), Arzu Mustafayeva (Əbəçi), Xəyal Salahov (Kişi hakim), Sənubər İsrafilova (Qadın hakim) və Azad Məmmədov (Mühafizəçi) ifa ediblər.

***

Festivalın ikinci günü Qazaxıstandan gələn heyət səhnəyə çıxıb. Nartay Bekejanov adına Qızılorda Vilayət Qazax Akademik Musiqili Dram Teatrı rus dramaturqu Aleksandr Ostrovskinin “Tufan” pyesi əsasında hazırlanmış tamaşanı nümayiş etdirib. 

Səhnə əsərində daxili mübarizə, ağrı və cəmiyyətin yaratdığı buxovlardan azad olmaq istəyən qadının hekayəsi əks olunur.

Tamaşanın quruluşçu rejissoru Dina Jumabayeva, quruluşçu rəssamı Aynur Esbolatova, bəstəkarı Nursultan Töreəlidir.

Rolları Qazaxıstanın Əməkdar xadimi Zalipa Tulepova, Əməkdar mədəniyyət işçisi Uğım Baymaxanov, aktyorlar Sanat Juzbay, Bayan Kali, Jauhar Yerkinova, Əzidolla Əzimtay, Nurseyit Sızdıkbayev, Sultanbek Bissenaliyev, Askar Orazaliyev, Janil Raxmetova canlandırıblar.

***

Oktyabrın 3-də Azərbaycan Dövlət Pantomim Teatrı rus klassiki Nikolay Qoqolun “Şinel” povesti əsasında səhnələşdirilmiş tamaşanı oynayıb.

Tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşov, rəqslərin quruluş müəllifi Elnur İsmayılov və Ceyhun Dadaşovdur.

Səhnə əsərində şinel müxtəlif insanların əlinə keçir. Şinelə sahib olan şəxsin cəmiyyətdə daha çox diqqət, hörmət və sevgi qazandığı göstərilir.

Əməkdar artist Nargilə Qəribovanın, aktyorlar Elnur İsmayılov, Əli Əlizadə, Nuridə Musabəyli, Cavad Nuriyev, Hilal Dəmirov, Nurlan Süleymanlı və Zəhra Hüseynovanın rol aldığı tamaşa teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.

***

Tamaşalardan sonra iştirakçı kollektivlərə Şəki Şəhər İcra Hakimiyyətinin təşəkkürnaməsi, festivalın simvolu və xatirə hədiyyələri təqdim olunub.

***

V Şəki Beynəlxalq Teatr Festivalının dördüncü günü İrandan gələn kollektiv – Ərdəbil Muğan Hünər Teatrı Arif Məhtabın “İçimdə bir Araz addımlayır” tamaşasını nümayiş etdirib. 

Festivalın son axşamında isə səhnədə Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrının “Məsxərəboz-şou”su olacaq.