Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu il altıncı dəfə təşkil edilən Mədəniyyət Yolu Festivalı paytaxtda davam edir. Festivalın 19-27 sentyabr tarixlərində gerçəkləşən Ankara proqramı da zəngindir.
Qardaş ölkənin ən böyük festivalını bu dəfə Azərbaycan üçün əlamətdar edən əsas cəhət isə Ankarada "Mədəniyyət Yolu"nun Üzeyir Hacıbəyli musiqisi ilə başlanmasıdır. Festivalın açılış konserti dahi Azərbaycan bəstəkarının xatirəsinə həsr olunub.
Sentyabrın 19-da CSO Ada Ankara Ana Salonunda “İki dövlət – bir səhnə: Qardaş nəğmələr” adlı möhtəşəm proqram təqdim edilib.
Konsert ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Baş İdarəsinin birgə layihəsi çərçivəsində iki ölkə nazirliklərinin dəstəyi ilə təşkil olunub.
Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam, ölkəmizin Türkiyədəki səfiri Rəşad Aslanov, iki ölkənin dövlət və hökumət qurumlarının nümayəndələri də tamaşaçılar arasında olublar.
Üzeyir Hacıbəylinin doğum günü (18 sentyabr) – Azərbaycanın Milli Musiqi Günü münasibətilə keçirilən konsert proqramı iki ölkə sənətçilərini eyni səhnədə bir araya gətirib.
Layihənin əsas məqsədi Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsinin Türkiyədə geniş təbliği, iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi və ortaq musiqi dəyərlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması olub.
Konsertdən əvvəl Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yolu haqqında məlumat verilib. Bildirilib ki, dahi bəstəkar müsəlman Şərqində ilk operanın müəllifi, Azərbaycan professional musiqi sənətinin və milli bəstəkarlıq məktəbinin banisidir. Onun zəngin yaradıcılığının yalnız Azərbaycan musiqisinin deyil, bütövlükdə Türk dünyasının musiqi mədəniyyətinin inkişafına mühüm təsir göstərdiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, Üzeyir Hacıbəyli milli musiqi ənənələrini Avropa klassik musiqisinin forma və janrları ilə yüksək peşəkarlıqla birləşdirərək yeni yaradıcılıq məktəbi formalaşdırıb.
Konsertdə Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Ankara Dövlət Opera və Balet Orkestri və Xoru, Azərbaycan və Türkiyənin tanınmış opera sənətçiləri Mara Hüseynova, Mahir Tağızadə, Mehmet Yılmaz, Şenol Tanınlı, Ezgi Karakaya və tarzən Mirnöfəl Hüseynov iştirak ediblər.
Proqramda Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsindən seçilmiş əsərlərlə yanaşı, Azərbaycan və Türkiyə bəstəkarlarının musiqi nümunələri, opera əsərlərindən parçalar səsləndirilib.
Azərbaycan və Türkiyə musiqiçilərinin birgə proqramı iki qardaş ölkənin musiqi mədəniyyətləri arasındakı yaxınlığı, ortaq duyğu və estetik dəyərləri parlaq şəkildə nümayiş etdirib. Peşəkar səhnə tərtibatı, zəngin repertuar və ifaçıların yüksək sənətkarlığı konsertə xüsusi rəng qatıb.
Proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
***
Onu da əlavə edək ki, aprel ayında start verilən Türkiyə Mədəniyyət Yolu Festivalı bu il ümumilikdə 26 şəhəri əhatə edir.
Festival indiyədək Şanlıurfa, Aydın, Mersin, Eskişehir, Manisa, Trabzon, Samsun, Bursa, Sakarya, Van, Konya, Nevşehir, Malatya, Erzurum, Ordu, Çanaqqala, Kayseri və Kahramanaraşda təşkil edilib.
Hər mərhələsi 9 gün sürən festivalın 19-cu dayanacağı Ankaradır. “Mədəniyyət Yolu” bundan sonra İstanbul, Qaziantep, Diyarbəkir, Mardin, İzmir, Antalyada davam edəcək və Adanada (7-15 noyabr) başa çatacaq.
Festivalın proqramı haqqında ətraflı məlumatı kulturyolufestivali.com saytında əldə etmək olar.




























