Füzuli Dövlət Dram Teatrı sentyabrın 20-də Xocavənddə keçirilən “Şəhər günü”nə sənət sovqatı aparıb.
Yaradıcı kollektiv Xocavəndin mərkəzi parkında qurulmuş bayram səhnəsində "Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşasını nümayiş etdirib.
Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, səhnələşdirəni Şəlalə Kərimova, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Vüqar İsmayılov, rejissor assistenti Gülgəz Soltanovadır.
Obrazları Günay Çobanzadə (Ana keçi), Xurşud Babayeva (Şəngülüm), Püstə Əhmədova (Şüngülüm), Gülgəz Soltanova (Məngülüm), Vüsal Həsənov (Qoca Canavar), Vüqar Babayev (Canavar) və Sahilə Abbasova (Qaz, Dəmirçi) canlandırıblar.
Səhnə əsərinin əsas ideyası uşaqlara böyüklərin sözünü dinləməsi, ehtiyatlı və düşüncəli davranmasının vacibliyini aşılamaqdır. Düşünülməmiş addımların, yadlara inamın bəzən xoşagəlməz nəticələrə səbəb olduğu diqqətə çatdırılır.
Tamaşa xocavəndli uşaqlar tərəfindən maraqla qarşılanıb.
“Şəhər günü” tədbirlərində iştirak edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və mədəniyyət nazirinin müavini Murad Hüseynov teatrın artistləri və uşaqlarla xatirə şəkli çəkdiriblər.
























