Bakı Uşaq və Gənclər Teatrı sentyabrın 19-da "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində keçirilən “Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı”nda iştirak edib.
Festival Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi əsasında “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin təşəbbüsü, Dövlət Turizm Agentliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin iştirakı ilə təşkil olunub.
Tədbirin açılışında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin idarə heyətinin sədri Murad Ağabəyli, Milli Məclisin deputatları çıxış ediblər.
Festival çərçivəsində mədəniyyət və irs mövzusunda panel müzakirəsi təşkil olunub.
Bədii proqramla davam edən tədbirdə Bakı Uşaq və Gənclər Teatrının təqdimatında “Sehrli güzgü” tamaşası nümayiş olunub.
Səhnə əsərində sehrli güzgüyə baxan müxtəlif heyvanlar – dovşan, ceyran, tülkü, ayı və canavar – hər biri özünü fərqli görür.
Festivala qatılan uşaqlar, eləcə də valideynlər dostluq və özünüdərketmə mövzusu üzərində qurulan tamaşaya maraqla baxıblar.






















