Azərbaycanın mədəniyyət salnaməsində milli sənətin inkişaf mərhələlərini və böyük şəxsiyyətlərin yaradıcılıq irsini yaşadan əlamətdar günlər xüsusi yer tutur. 18 sentyabr da belə günlərdəndir. Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı olan bu tarix yalnız böyük sənətkarın xatirəsini yad etməklə məhdudlaşmır. Eyni zamanda professional bəstəkarlıq məktəbinin təşəkkülü, milli musiqi təfəkkürünün inkişafı və sənət ənənələrinin nəsildən-nəslə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində anadan olan Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan sənətkarlardandır. Onun yaradıcılıq fəaliyyəti yalnız bəstəkarlıqla məhdudlaşmırdı. Üzeyir Hacıbəyli həm də musiqişünas-alim, pedaqoq, publisist, dramaturq və ictimai xadim kimi milli musiqi mədəniyyətinin formalaşmasına və inkişafına böyük töhfələr vermişdir.
XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində gedən sosial-mədəni proseslər musiqi sənətinin qarşısında da yeni vəzifələr qoyurdu. Əsrlər boyu formalaşmış muğam, xalq mahnısı və aşıq yaradıcılığı milli musiqi təfəkkürünün zəngin əsasını təşkil edirdi. Lakin yeni ictimai-mədəni mühit professional bəstəkarlıq yaradıcılığının, musiqi təhsilinin, nota əsaslanan nəzəri biliklərin və Avropa tipli musiqi janrlarının inkişafını zəruri edirdi. Bu tarixi keçid mərhələsində Üzeyir Hacıbəylinin fəaliyyəti ənənə ilə novatorluğun üzvi sintezini formalaşdıran mühüm amilə çevrildi.
Bu istiqamətin başlanğıcında 1908-ci ildə tamaşaya qoyulan “Leyli və Məcnun” operası dayanır. Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yaradılan əsər Azərbaycan opera sənətinin əsasını qoymaqla yanaşı, milli musiqi irsinin böyükhəcmli səhnə dramaturgiyasına daxil edilməsinin də ilk parlaq nümunəsi idi. Üzeyir Hacıbəyli muğamın intonasiya və melodik xüsusiyyətlərini opera dramaturgiyasının tələbləri ilə əlaqələndirərək Şərq musiqi təfəkkürü ilə Avropa opera modelinin yaradıcı sintezini meydana gətirdi. Bununla da milli musiqi materialına professional bəstəkarlıq düşüncəsi ilə yanaşmanın yeni mərhələsi başlandı.
Bəstəkarın sonrakı yaradıcılığında bu prinsip daha da inkişaf etdirildi. “Ər və arvad”, “O olmasın, bu olsun” və “Arşın mal alan” operettalarında musiqi dramaturgiyası ilə səhnə hərəkəti, vokal ifadə ilə obrazların xarakteri, xalq musiqisinin intonasiya xüsusiyyətləri ilə sosial-məişət məzmunu arasında üzvi əlaqə yaradıldı. Xüsusilə “O olmasın, bu olsun” və “Arşın mal alan” əsərlərində milli melodik təfəkkür ayrı-ayrı folklor elementlərinin mexaniki istifadəsi kimi deyil, obrazların musiqi xarakteristikasını və bütövlükdə dramaturji inkişafı müəyyənləşdirən əsas amillərdən biri kimi çıxış etdi.
Üzeyir Hacıbəylinin opera yaradıcılığının zirvəsini isə “Koroğlu” təşkil edir. 1937-ci ildə ilk dəfə səhnəyə qoyulan bu əsər onun əvvəlki yaradıcılıq təcrübəsinin, milli musiqi təfəkkürünün və professional bəstəkarlıq texnikasının daha yüksək sintez mərhələsi idi. “Koroğlu”nda muğam və xalq musiqisi ilə Avropa opera dramaturgiyasının əlaqəsi yeni bədii keyfiyyət qazanır, milli intonasiya sistemi simfonik inkişaf prinsipləri ilə üzvi şəkildə birləşirdi. Əsərin musiqi dramaturgiyasında qəhrəmanlıq pafosu, xalq obrazlarının ümumiləşdirilməsi, xor səhnələrinin funksional rolu və orkestr fakturasının dramaturji imkanları Üzeyir Hacıbəylinin bəstəkarlıq üslubunun yetkinliyini nümayiş etdirir. “Koroğlu” bu baxımdan yalnız milli opera repertuarının mühüm nümunəsi deyil, həm də Azərbaycan professional bəstəkarlıq məktəbinin estetik və texniki imkanlarını nümayiş etdirən monumental sənət əsəridir.
Üzeyir Hacıbəyli yaradıcılığının əhəmiyyəti onun yaratdığı əsərlərlə yanaşı, milli musiqi haqqında formalaşdırdığı nəzəri düşüncə ilə də müəyyənləşir. O, Azərbaycan musiqisinin xüsusiyyətlərini araşdırır, milli musiqi təfəkkürünün qanunauyğunluqlarına diqqət yetirir, musiqi təhsilinin inkişafına və professional kadrların hazırlanmasına xüsusi əhəmiyyət verirdi. Onun elmi və publisistik fəaliyyəti Azərbaycan musiqişünaslığının təşəkkülü baxımından mühüm mənbələrdən biridir.
Dahi bəstəkarın yaradıcılığının əsas xüsusiyyətlərindən biri milli musiqi irsi ilə ümumbəşəri professional musiqi prinsiplərinin yaradıcı şəkildə əlaqələndirilməsidir. O, xalq musiqisini olduğu kimi təkrarlamaqla kifayətlənmirdi. Muğamın, xalq mahnılarının və milli musiqinin lad-intonasiya, ritmik və melodik xüsusiyyətlərini yeni bədii mühitdə yenidən mənalandırırdı. Buna görə də onun yaradıcılığında milli üslub yalnız istifadə olunan musiqi materialında deyil, əsərlərin melodik inkişafında, intonasiya sistemində, dramaturji quruluşunda və ümumi estetik konsepsiyasında da özünü göstərirdi.
Bu yaradıcı prinsip sonrakı mərhələlərdə Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında öz davamını tapdı. Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Niyazi, Soltan Hacıbəyov, Səid Rüstəmov, Tofiq Quliyev və başqa sənətkarlar milli musiqi təfəkkürünü müxtəlif janr, üslub və kompozisiya texnikaları müstəvisində inkişaf etdirərək onun ifadə imkanlarını genişləndirdilər. Beləliklə, Üzeyir Hacıbəylinin yaratdığı təməl sonrakı nəsillər üçün hazır forma deyil, daim yenilənən yaradıcı istiqamətə çevrildi.
Üzeyir Hacıbəylinin doğum gününün musiqi bayramı kimi dövlət səviyyəsində qeyd olunması da məhz bu sənət varisliyinin ifadəsidir. Ümummilli Lider Heydər Əliyevin 18 sentyabr 1995-ci il tarixli fərmanı ilə sentyabrın 18-i “Üzeyir Musiqi Günü” (Milli Musiqi Günü) elan edildi. Sonrakı illərdə bu ənənə Azərbaycan musiqi ictimaiyyətinin mühüm mədəni hadisələrindən birinə çevrilərək geniş məzmun qazandı.
2009-cu ildən etibarən Üzeyir Hacıbəylinin adını daşıyan Beynəlxalq Musiqi Festivalının keçirilməsi bu mədəni ənənənin beynəlxalq miqyasını daha da genişləndirdi. Festival çərçivəsində konsert proqramları, opera və balet tamaşaları, elmi konfranslar, ustad dərsləri və digər tədbirlər təşkil olunur. Bu layihələr bir tərəfdən Üzeyir Hacıbəylinin irsinin öyrənilməsinə və təbliğinə, digər tərəfdən isə Azərbaycan bəstəkarlıq məktəbinin müasir simasının beynəlxalq musiqi mühitində təqdim edilməsinə xidmət edir.
Milli Musiqi Gününün mahiyyəti yalnız Üzeyir Hacıbəylinin xatirəsini yad etməklə məhdudlaşmır. Bu gün Azərbaycan musiqisinin keçmişi ilə bu günü arasındakı əlaqəyə nəzər salmaq, milli sənət ənənəsinin keçdiyi inkişaf yolunu dəyərləndirmək və onun gələcək istiqamətləri haqqında düşünmək üçün mühüm fürsətdir. Çünki musiqi irsi yalnız qorunub saxlanılan əsərlər toplusu deyil. Onun canlılığını təmin edən əsas şərtlərdən biri həmin irsin yeni yaradıcılıq düşüncəsi ilə davam etdirilməsidir.
Milli musiqi ənənəsi ilə müasir bəstəkarlıq arasındakı əlaqə də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Müasir bəstəkar üçün milli olmaq yalnız xalq musiqisindən sitat gətirmək və ya ənənəvi melodiyalardan istifadə etmək demək deyil. Milli musiqi təfəkkürü daha geniş məzmun daşıyır; o, lad və intonasiya xüsusiyyətlərində, ritmik düşüncədə, melodik inkişaf prinsiplərində, musiqi obrazlarının formalaşmasında və əsərin ümumi bədii məntiqində təzahür edə bilər. Azərbaycan bəstəkarlıq məktəbinin tarixi də göstərir ki, milli musiqi ənənəsi müxtəlif dövrlərdə fərqli estetik və texniki vasitələrlə ifadə olunaraq öz mahiyyətini qoruyub.
Bu mənada Üzeyir Hacıbəylinin irsi müasir Azərbaycan musiqisi üçün yalnız tarixi başlanğıc nöqtəsi deyil, həm də yaradıcı düşüncənin mühüm mənbəyidir. Onun sənət yolu göstərir ki, ənənəyə bağlılıq keçmişi olduğu kimi təkrarlamaq deyil, onu yeni zamanın estetik və bədii tələbləri ilə əlaqələndirməkdir. Məhz bu yanaşma milli musiqinin inkişafını təmin edən başlıca amillərdən biri kimi bu gün də aktuallığını qoruyur.
18 Sentyabr həm də musiqi təhsilinin və musiqişünaslığın əhəmiyyətini diqqətə gətirən gündür. Professional musiqi mədəniyyətinin davamlılığı yalnız bəstəkar və ifaçıların fəaliyyəti ilə təmin olunmur. Əsərlərin araşdırılması, təhlili, nəşri, tədrisi, ifa ənənəsinin qorunması və gələcək nəsillərə çatdırılması da bu prosesin ayrılmaz hissəsidir. Bəstəkarın, ifaçının, musiqişünasın və pedaqoqun fəaliyyəti əslində vahid mədəni prosesin bir-birini tamamlayan istiqamətləridir.
Bu gün Azərbaycan musiqisi zəngin tarixi irslə yanaşı, müxtəlif müasir yaradıcılıq istiqamətlərini də özündə birləşdirir. Muğam və xalq musiqisi ənənəsi, klassik bəstəkarlıq məktəbi, müasir akademik musiqi, caz və digər musiqi istiqamətləri ölkənin musiqi mənzərəsinin çoxşaxəli xarakterini müəyyənləşdirir. Bu müxtəliflik milli musiqi mədəniyyətinin dəyişməz bir sistem deyil, zamanla yenilənən və yeni yaradıcılıq axtarışları ilə zənginləşən canlı bədii orqanizm olduğunu göstərir.
18 Sentyabrın əsl mənası da məhz burada üzə çıxır. Bu gün biz yalnız böyük bir sənətkarın doğum gününü qeyd etmirik. Eyni zamanda Azərbaycan professional musiqisinin keçdiyi yolu, formalaşmış bəstəkarlıq məktəbini, nəsillər arasında yaradıcılıq varisliyini və milli musiqi düşüncəsinin gələcək inkişaf imkanlarını dərk edirik. Üzeyir Hacıbəylinin irsi bu yaddaşın ən möhkəm dayaqlarından biri olaraq qalır.
Milli Musiqi Gününün hər il qeyd olunması sadəcə təqvim ənənəsi deyil. Bu gün Azərbaycan musiqisinin keçmişinə yenidən nəzər salmaq, bu gününü qiymətləndirmək və gələcəyi haqqında düşünmək üçün mənəvi və mədəni zəmin yaradır. Sentyabrın 18-i Üzeyir bəyin həyat və yaradıcılığını xatırladan gün olmaqla yanaşı, Azərbaycan professional musiqisinin təşəkkülünü, milli musiqi təfəkkürünün inkişafını və bu sənət ənənəsinin sonrakı nəsillərdə davamını özündə birləşdirən əlamətdar gündür. Bu tarixdə Üzeyir Hacıbəylinin sənət irsinə müraciət etməklə biz həm də Azərbaycan musiqisinin keçdiyi yolu, qazandığı dəyərləri və qarşısında açılan yeni yaradıcılıq üfüqlərini düşünürük.
Bəyim Dadaşova
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin kiçik elmi işçisi





















