Bakı İqlim Fəaliyyəti Həftəsində (7-11 sentyabr) iştirak etmiş Türkiyə Cümhuriyyəti Akdeniz Universitetinin Mədəni irsin bərpası və mühafizəsi departamentinin rəhbəri, Dünya Sualtı Konfederasiyasının Elmi Komitəsinin direktoru Hakan Öniz, ICOMOS Türkiyə Milli Komitəsinin və ICOMOS-un Sualtı Mədəni İrs üzrə Beynəlxalq Komitəsinin üzvü Ceyda Öztos, həmçinin Türk Mədəniyyəti və İrsi Fondunun (Bakıda yerləşir) layihə rəhbərləri Leyla Həsənova, Nuri Aksu və Barış Doğru AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda olublar.

İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev qonaqlarla görüşdə elmi müəssisənin əməkdaşları tərəfindən aparılan tədqiqatlar barədə geniş məlumat verib.

Qeyd edib ki, son illərdə institutda arxeoloji tədqiqatların müasir standartlara uyğunlaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi ilə yanaşı, sualtı arxeoloji tədqiqatların yenidən bərpası istiqamətində intensiv işlər aparılır. Azərbaycanda sualtı arxeoloji tədqiqatların təşkili institutun qarşısında duran prioritet istiqamətlərdən biridir.

Görüşdə Hakan Öniz Türkiyədə, xüsusilə Aralıq dənizi sahillərində sualtı arxeologiyanın inkişaf tarixindən danışıb. Bildirib ki, XIX əsrin sonlarından bu sahəyə xüsusi diqqət yetirən Türkiyə hazırda müasir standartlara cavab verən sualtı arxeologiya üzrə dünyanın qabaqcıl ölkələrindən biridir. Alim ölkənin müasir texnologiyalarla təchiz edilmiş elmi-tədqiqat heyətinə və gəmilərinə malik olduğunu qeyd edib. Türkiyəli alim Aralıq dənizində son dövrlərdə aşkarlanan Tunc, Antik və Orta əsrlərə aid unikal tapıntılar barədə məlumat verib.

Tarix elmləri doktoru, professor Abbas Seyidov Azərbaycanda sualtı arxeologiyanın 80 ildən çox tarixə malik olduğunu, son illərdə Xəzər arxeologiyası şöbəsinin yaradılması ilə bu sahənin sistemli şəkildə bərpasına başlanıldığını bildirib. O, Xəzərin Azərbaycan sahillərində batmış gəmilər, qədim yaşayış məskənləri və şəhərlərin izlərinin olduğunu qeyd edərək, sualtı mədəni irsin tədqiqinin əsas vəzifələrdən biri olduğunu vurğulayıb.

Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksu türk dövlətləri arasında sualtı arxeologiya və mədəni irsin qorunması sahəsində əməkdaşlığın perspektivlərindən danışıb.

Görüşdə AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Türkiyənin Akdeniz Universiteti arasında anlaşma memorandumunun imzalanması, gənc azərbaycanlı mütəxəssislər üçün təlimlərin və Xəzər arxeologiyası üzrə tədris proqramlarının təşkili barədə razılıq əldə olunub.