Xəbər verdiyimiz kimi, İsveçrənin Montrö şəhərində Avropanın nüfuzlu mədəniyyət platformalarından biri – “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində 13–15 sentyabr tarixlərində Azərbaycan mədəniyyəti geniş proqramla təqdim olunur.
Mədəniyyət Nazirliyindən bildirilib ki, “Azerbaijan: The Rhythms of Heritage – Azərbaycan: İrsin ritmləri” devizi altında keçirilən təqdimat Azərbaycanın çoxəsrlik mədəni irsi ilə müasir bədii ifadə formalarını bir araya gətirir.
Sentyabrın 13-də festival çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının konserti olub.
Montrönün məşhur “Auditorium Stravinski” səhnəsində keçirilən konsertdə ansamblın ifasında “Mənim Azərbaycanım” və “Vətən” süitaları, “Qavalla rəqs”, “Qazaxı”, “Toy”, “Sarı gəlin”, “Şalı”, “Nağaraçılar”, “Ağ çiçəyim”, “Yaylıqlarla rəqs”, “Qaytağı” və “Naz eləmə” rəqsləri nümayiş etdirilib.
Milli xoreoqrafiyamızın zənginliyini, temperamentini, musiqi və rəqs ənənələrimizin müxtəlifliyini əks etdirən proqram tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Azərbaycan rəqslərinin Avropanın tanınmış musiqi platformalarından birinin əsas səhnəsində təqdimatı xüsusi rəmzi məna daşıyır. 1946-cı ildə əsası qoyulan “Septembre Musical Montreux–Vevey” İsveçrənin uzunömürlü klassik musiqi festivallarından biridir. Müxtəlif dövrlərdə dünya musiqisinin görkəmli simalarını bir araya gətirən festival bu gün klassik ənənəni yeni bədii yanaşmalar və eksperimental formatlarla birləşdirən beynəlxalq mədəniyyət platforması kimi fəaliyyətini davam etdirir.
Azərbaycanın festivaldakı iştirakı yalnız ayrı-ayrı konsertlərdən ibarət deyil. “Azerbaijan: The Rhythms of Heritage” konsepsiyası muğamdan simfonik musiqiyə, milli rəqsdən caza, ənənəvi musiqi alətlərindən müasir ifaçılıq məktəbinədək Azərbaycan mədəniyyətinin müxtəlif qatlarını vahid bədii məkan daxilində təqdim edir.
Festivalın Azərbaycan proqramının əsas hadisəsi sentyabrın 14-də “Auditorium Stravinski”də keçiriləcək “Azerbaijan Culture” qala konserti olacaq. Təxminən 200 sənətçinin iştirak edəcəyi proqram klassik və simfonik musiqini, muğamı, cazı, milli musiqi alətlərini və rəqs sənətini bir araya gətirəcək.
Montrödakı Azərbaycan proqramı xarici auditoriyaya yalnız ayrı-ayrı sənət nümunələrini deyil, ənənəsini qoruyan, eyni zamanda müasir mədəni məzmunla beynəlxalq auditoriya ilə dialoq quran Azərbaycanın bütöv mədəni portretini təqdim edir. “İrsin ritmləri” əsrlərdən gələn mədəni yaddaşın bu gün daha da gücləndiyini, inkişaf etdiyini və yeni bədii formalar yaratdığını nümayiş etdirir.
Montrö Klassik Musiqi Festivalı kimi beynəlxalq nüfuza malik sənət platformasında mədəniyyətimizin peşəkar və sistemli təqdimatı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının mədəni irsin və milli sənətin beynəlxalq miqyasda təşviqi istiqamətində müəyyən etdiyi prioritetlərin həyata keçirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycan mədəniyyətini festivalda Alim Qasımov, Murad Hüseynov, Yusif Eyvazov, Afaq Abbasova, Sevda Ələkbərzadə, Elvin Hoca Qəniyev, Elmina Həsən, Fuad İbrahimov, İsfar Sarabski, Ceyla Seyidova, Azər Zadə və digər tanınmış incəsənət nümayəndələri təmsil edirlər.


























