Sentyabrın 10-da İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Baş Konfransının onlayn formatda 4-cü növbədənkənar sessiyası keçirilib. Azərbaycan Respublikasının mədəniyyət naziri, ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədri Adil Kərimli sessiyada iştirak edib.

Sessiyada ICESCO-nun mövcud maliyyə vəziyyəti, təşkilatın fəaliyyətinin davamlılığının təmin edilməsi, eləcə də təxirəsalınmaz maliyyə və inzibati tədbirlər müzakirə olunub.

Baş Direktorluğun hesabatında bir sıra üzv dövlətlərin 2025–2026-cı illər üzrə üzvlük haqlarını ödəməməsi və əvvəlki dövrlərdən yığılmış borcların təşkilatın maliyyə imkanlarına təsiri barədə məlumat verilib.

İclasda həmçinin üzvlük haqlarının ödənilməsi və borcların bağlanması yolu ilə ICESCO-nun fəaliyyətinin davamlılığının təmin edilməsinə dair fövqəladə plan nəzərdən keçirilib. Sənəddə 2026–2029-cu illər üzrə Strateji Planın icrası, gəlirlərin artırılması və maliyyə axınlarının sabitliyinin gücləndirilməsi, habelə monitorinq və qiymətləndirmə mexanizmlərinin yaradılması əsas istiqamətlər kimi müəyyən edilib.

Müzakirələr zamanı üzv dövlətlərin maliyyə öhdəliklərinin vaxtında yerinə yetirilməsinin, təşkilatın proqram və layihələrinin davamlı icrasının və ICESCO-nun institusional dayanıqlığının təmin olunmasının əhəmiyyəti vurğulanıb. Fövqəladə planda üzv dövlətlərin cari üzvlük haqlarını 31 oktyabr 2026-cı ilədək ödəməsi, əvvəlki borcların isə razılaşdırılmış qrafik əsasında 31 dekabr 2028-ci ilədək tənzimlənməsi nəzərdə tutulur.

Sessiyanın sonunda ICESCO-nun maliyyə sabitliyinin gücləndirilməsi və fəaliyyətinin davamlılığı ilə əlaqədar fikir mübadiləsi aparılıb.