Qax Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi (RMİ), Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Şəki Regional Turizm İdarəsi və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə 31 iyul – 2 avqust tarixlərində “Qax Günləri” festivalı keçirilib.

Şəki-Zaqatala RMİ-dən verilən məlumata görə, “İçəribazar” Qala Kompleksində təşkil olunan festival çərçivəsində Qax rayonunun zəngin tarixi-mədəni irsi, milli mətbəxi, xalq sənətkarlığı nümunələri, folkloru, rəqsləri təqdim edilib.

Eyni zamanda rayonun multikultural mühiti, müxtəlif xalqların və etnik qrupların əsrlər boyu formalaşdırdığı mehriban birgəyaşayış ənənələri ziyarətçilərin diqqətinə çatdırılıb. Kənd təsərrüfatı məhsulları, yerli istehsal potensialı və turizm imkanları da festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Çoxsaylı yerli və xarici turistlərin də qatıldığı festivalın ilk günü iştirakçıları əvvəlcə rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin, yerli sənətkarların, müxtəlif qurum və təşkilatların hazırladığı sərgi stendləri ilə tanış olub, sənətkarlıq nümunələrinə baxış keçiriblər.

Tədbirdə çıxış edən rayonun icra başçısı Elvin Paşayev bildirib ki, Qax tarixən tolerantlıq və multikultural dəyərlərin qorunduğu, müxtəlif xalqların sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı məkan kimi seçilib. Qeyd olunub ki, bu gün festival çərçivəsində bir araya gələn insanlar həmin zəngin mənəvi irsin daşıyıcılarıdır.

Vurğulanıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli-mənəvi dəyərlərin qorunması siyasəti regionların davamlı inkişafında mühüm rol oynayır. Bu baxımdan “Qax Günləri” festivalı milli dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu cür festivalların təşkilinin, həmçinin bölgənin turizm potensialının artırılmasına və daxili turizmin inkişafına mühüm töhfə verdiyi qeyd edilib.

Festival Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzi və Qax rayon Uşaq incəsənət məktəbinin təşkil etdiyi rəngarəng konsert proqramı ilə davam edib.

“Qax Günləri” festivalı avqustun 1-də və 2-də də maraqlı konsert proqramları ilə yadda qalıb.

Festival çərçivəsində Qax Dövlət Kukla Teatrı da öz təqdimatları ilə balacaları sevindirib.