Avqustun 3-ü Xalq yazıçısı, dövlət xadimi Elçin Əfəndiyevin (1943-2025) vəfatının ildönümüdür. Bu münasibətlə Fəxri xiyabanda yazıçının məzarı ziyarət olunub.

Ziyarət zamanı Xalq yazıçısının qəbirüstü abidəsinin açılışı olub.

Anım mərasimində Mədəniyyət Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Ombudsman Aparatının rəhbər və məsul şəxsləri, diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları, ədəbiyyat, incəsənət xadimləri, yazıçının ailə üzvləri iştirak ediblər.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Əməkdar artist Firdovsi Atakişiyev Elçin Əfəndiyevin Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlərindən, milli mədəniyyətin zənginləşməsinə verdiyi töhfələrdən söz açıblar. Qeyd olunub ki, o, dövlət və ictimai xadim kimi də ölkənin mədəniyyət siyasətinin formalaşmasına və ədəbi mühitin inkişafına mühüm töhfələr verib. Elçin Əfəndiyevin çoxşaxəli fəaliyyəti və zəngin irsi Azərbaycan mədəniyyət tarixində xüsusi yer tutur.

Yazıçının qızı, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva ailə üzvləri adından tədbir iştirakçılarına minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Elçin Əfəndiyev 1993-cü ildən 2018-ci ilə qədər Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb. “Şərəf”, “Şöhrət”, “İstiqlal” ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. O, 2025-ci il avqustun 3-də 82 yaşında vəfat edib.