Azərbaycan Respublikasının zəngin və çoxşaxəli mədəni irsinin qorunması, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-iyun aylarında tarix-mədəniyyət abidələrinin mühafizəsi, bərpası, qeydiyyatı, rəqəmsallaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, tarix-mədəniyyət qoruqlarının inkişafı, beynəlxalq əməkdaşlıq, mədəni irsin təşviqi və maarifləndirmə sahələrində genişmiqyaslı fəaliyyət həyata keçirilib.
Bu barədə Dövlət Xidmətinin ilin birinci yarısına dair hesabat xarakterli məlumatında bildirilir.
Sözügedən fəaliyyətlər "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında müəyyən edilmiş strateji məqsəd və prioritetlərə uyğun olaraq icra olunub. Qeyd olunan istiqamətlərdə 2026-cı ilin birinci yarısı üzrə nəticələri əks etdirən “Mədəni irs icmalı” hazırlanıb. İcmalda mədəni irsin qorunması və idarə olunması sahəsində əldə edilmiş nailiyyətlər və görülmüş işlər öz əksini tapıb.
Hazırda Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş 6114 tarix-mədəniyyət abidəsindən 4377-nə, eləcə də 1400-dən artıq yeni aşkar edilmiş abidə qismində qeydə alınmış tarix və mədəniyyət əhəmiyyətli obyektlərin mühafizəsinə nəzarəti həyata keçirir.
Bu sahədə əldə olunan mühüm nəticələrdən biri də Vahid Mədəniyyət Reyestri informasiya sisteminin yaradılmasıdır. Bu sistem vasitəsilə ölkə üzrə 3709 daşınmaz mədəni irs obyekti vahid rəqəmsal platformada toplanaraq coğrafi informasiya sistemi (GIS) texnologiyaları ilə inteqrasiya edilib.
Muzey fondlarının zənginləşdirilməsi və mədəni sərvətlərin rəqəmsal uçotunun genişləndirilməsi istiqamətində də mühüm nəticələr əldə olunub. Hazırda ölkə üzrə muzeylərin əsas fondlarında qorunan eksponatların sayı 1 milyon 137 min 883-ə çatıb. Hesabat dövründə fondlar 3893 yeni eksponatla zənginləşdirilib, Vahid Mədəniyyət Reyestrinə daxil edilmiş muzey eksponatlarının sayı isə 29551 ədəd təşkil edib.
2026-cı ilin birinci yarısında tarix-mədəniyyət abidələrinə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə 200 preventiv tədbir görülüb, hüquq-mühafizə orqanlarına 60 müraciət ünvanlanıb, 32 inzibati tənbeh qərarı qəbul edilib və qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1 cinayət işi başlanılıb.
Tarix-mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə qanunvericiliyin tələblərinə uyğun ardıcıl tədbirlər həyata keçirilib. Abidələrin mülkiyyətçiləri və ya istifadəçiləri olan fiziki və hüquqi şəxslərlə abidələrin qorunması işini tənzimləyən 183 mühafizə müqaviləsi bağlanılıb.
Abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilib. Hesabat dövründə 98 tarix-mədəniyyət abidəsinin mühafizə zonasının layihəsi təsdiq olunub, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri çərçivəsində mədəni irsin qorunmasının təmin edilməsi məqsədilə 73 rəy verilib. Eyni zamanda, 98 abidə İqtisadiyyat Nazirliyinin Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə (TEKUİS) daxil edilib.
Ötən dövrdə 1 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri başa çatdırılıb, həmçinin abidə mülkiyyətçilərinin və ya istifadəçilərinin vəsaiti hesabına hazırlanmış 72 təmir-bərpa layihəsi Dövlət Xidməti tərəfindən təsdiq edilib. Hazırda 3 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri aparılır, daha 3 abidədə isə bərpa-konservasiya işlərinin icrası üçün layihə-smeta sənədlərinin hazırlanması prosesi davam etdirilir.
Daşınar mədəni irsin qorunması istiqamətində aparılan fəaliyyət nəticəsində 880 eksponat bərpa-konservasiya edilib, 362 eksponat üzrə isə müvafiq işləri davam etdirilir. Arxeoloji irsin öyrənilməsi məqsədilə 24 arxeoloji ekspedisiyanın aparılmasına icazə verilib, həyata keçirilən arxeoloji qazıntılar nəticəsində isə 636 artefakt aşkar edilərək müvafiq tədbirlər görülüb.
Hesabat dövründə 3134 ədəd mədəni sərvətin ixracına dair mühafizə şəhadətnamələri və 122 muzey əşyaları və kolleksiyaların müvəqqəti ölkədən kənara çıxarılmasına icazə verilib. İxracı nəzərdə tutulan 65 mədəni sərvət üzrə isə ekspertizalar təşkil olunub.
2026-cı ilin birinci yarısında Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən muzey və qoruqlara ümumilikdə 463 965 nəfər ziyarətçi gəlib. Onlardan 342 305 nəfəri muzeyləri, 121 660 nəfəri isə qoruqları ziyarət edib. Rəqəmsal platformalar vasitəsilə 138 718 bilet və ekskursiya xidməti satılıb.
Qoruqlar arasında ən çox ziyarət edilən məkan 63 906 ziyarətçi ilə Qobustan Milli Tarix-Bədii Qoruğu olub. Ziyarətçi sayına görə ilk üçlüyə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu və Quba şəhərində yerləşən Soyqırımı Memorial Kompleksi də daxildir.
Beynəlxalq müstəvidə də Dövlət Xidmətinin fəaliyyəti yüksək qiymətləndirilib. 2026-cı ilin ötən dövründə rəqəmsallaşdırma, innovasiya, məlumatlara əsaslanan mühafizə və ictimai iştirakçılıq sahələrində həyata keçirilən fəaliyyətə görə Dövlət Xidməti nüfuzlu beynəlxalq nəşr və təşkilatlardan beş mükafat alıb.




























