İyulun 31-də “Phigaro Gallery”də Azərbaycanın görkəmli rəssamı Soltan Soltanlının 50 illik yubileyinə həsr olunmuş “Zamanın fövqündə” adlı fərdi sərgisi keçiriləcək.
Sərgidə müəllifin rəngkarlıq və qrafika əsərləri nümayiş olunacaq.
“Əsl sənət öz mövzusuyla, ifadə etdiyi anlamla həmişə zamanın fövqündə dayanmalı, yüzillər boyunca ucalığını qorumalıdır. Bu sərgidə də başlıca mövzum insan və onun dünyada, həyatdakı yeridir”, – deyə rəssam bildirib.
Qeyd edək ki, Soltan Soltanlı 30 ildir rəssamlıq üzrə beynəlxalq yarışma, festival və sərgilərdə ölkəmizi uğurla təmsil edir. Çoxlu beynəlxalq mükafatlar qazanan sənətkarın əsərləri dünyanın 50-dən çox ölkəsindəki muzey və şəxsi kolleksiyalarda saxlanır.
Rəssamın yubiley sərgisi avqustun 8-dək davam edəcək.





















