İyunun 16-da Parisdə, UNESCO-nun Mənzil-Qərargahında Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə təşkilatın baş direktoru Xalid Əl-Ənani arasında görüş keçirilib. 

2025-ci ilin oktyabrında UNESCO-nun baş direktoru seçilmiş Xalid Əl-Ənani ilə ilk dəfə görüşən mədəniyyət naziri bu münasibətlə ona təbriklərini çatdırıb və fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə UNESCO arasında uzunmüddətli və səmərəli əməkdaşlıq münasibətləri, mədəni irsin qorunması, qeyri-maddi mədəni irsin təşviqi, mədəniyyətlərarası dialoq və beynəlxalq humanitar əməkdaşlıq məsələləri müzakirə olunub.

Adil Kərimli Azərbaycanın UNESCO ilə tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq ölkəmizin təşkilatın məqsəd və prinsiplərinin təşviqinə verdiyi töhfələrdən bəhs edib. O, Azərbaycanın mədəni müxtəlifliyin qorunması, mədəni irsin gələcək nəsillərə ötürülməsi və qlobal dialoqun inkişafı istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.

Nazir Xalid Əl-Ənaninin rəhbərliyi ilə təşkilatın fəaliyyətinin daha da güclənəcəyinə əminliyini ifadə edib, UNESCO-da yeni islahatların həyata keçiriləcəyinə və təşkilatın qlobal çağırışlara daha çevik cavab vermək imkanlarının genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, UNESCO platformasında birgə layihələrin həyata keçirilməsi və mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.