İyunun 9-u Azərbaycanın dünyaca məşhur müğənnisi, respublikanın və keçmiş SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun (1915–1989) vəfatının ildönümüdür.
Sənətkarın anım günündə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında tədbir keçirilib. Tədbir çərçivəsində Dövlət Mahnı Teatrında fəaliyyət göstərən Rəşid Behbudovun xatirə otağına yeni eksponatlar təqdim olunub.
Xatirə tədbirində millət vəkilləri, mədəniyyət xadimləri, tanınmış ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təqdim olunan eksponatlar sırasında Azərbaycan Beynəlxalq Bankı tərəfindən sənətkarın 110 illik yubileyinə həsr olunaraq hazırlanmış xüsusi qramofon (patefon) və vinil val, həmçinin ailəsi tərəfindən təqdim edilən şəxsi kolleksiya nümunələri və digər dəyərli xatirə əşyaları yer alıb. Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva və digər rəssamlar tərəfindən təqdim olunan rəsm əsərləri və hədiyyələr də xatirə otağında nümayiş olunan eksponatlar sırasına daxil edilib.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirli bildirib ki, bu cür tədbirlər milli musiqimizin təbliği və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. "Bu gün tədbirin keçirildiyi məkan ötən il Mədəniyyət Nazirliyinin dəstəyi ilə açılmış Rəşid Behbudovun xatirə otağıdır. Burada sənətkarın şəxsi əşyaları və ona hədiyyə olunmuş qiymətli eksponatlar nümayiş etdirilir. Tanınmış simalarla yanaşı, gənclərin də bu prosesdə aktiv iştirakı sevindirici haldır", - deyə o qeyd edib.
Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev sənətkarın zəngin irsinin qorunması və gələcək nəsillərə çatdırılmasında xatirə otağının rolunu yüksək qiymətləndirib. Sənətkarın ailə arxivinə aid əşyaların xüsusi əhəmiyyətini vurğulayan fond direktoru xatirə otağına yeni eksponatlar təqdim edib.
Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli və digər çıxış edənlər Rəşid Behbudovun təkcə musiqidə deyil, bütövlükdə Azərbaycan mədəniyyətində silinməz iz qoyduğunu və vizual sənətlərdə də onun obrazına mütəmadi müraciət olunduğunu diqqətə çatdırıblar. Bildirilib ki, görkəmli sənətkarın bənzərsiz ifası və zəngin yaradıcılığı bu gün də rəssamlar, heykəltaraşlar və digər sənət adamları üçün tükənməz bir ilham mənbəyidir.
Sonda tədbir iştirakçıları xatirə otağına nümayişə verilən yeni eksponatlarla yaxından tanış olublar.
























