Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib.

Mərkəzi Bankın sədri Taleh Kazımov dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verib.

Yeni bina paytaxtın Heydər Əliyev prospektində yerləşir. Müasir şəhərsalma prinsiplərinə uyğun inşa edilmiş bina yüksək funksionallığa və qabaqcıl texnoloji göstəricilərə malikdir.

Prezident İlham Əliyev milli pul nişanlarının konseptual yanaşmasının, dizayn xüsusiyyətlərinin və texnoloji inkişaf xəttinin müasir təqdimat üsulları ilə nümayiş olunduğu sərgiyə baxıb.

Bildirilib ki, sərgidə milli pul nişanlarının tarixi, inkişaf mərhələləri, dizayn və mühafizə elementləri əks olunub.

Bina 35 mərtəbədən ibarətdir, burada ümumilikdə 1300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, müxtəlif təlim və toplantı otaqları var.

Yeni binanın layihələndirilməsi zamanı əlçatanlıq və inklüzivlik prinsiplərinə xüsusi diqqət yetirilib, fiziki məhdudiyyətli şəxslərin binaya rahat və təhlükəsiz şəkildə girişinin, həmçinin sərbəst hərəkətinin təmin edilməsinə imkan verən infrastruktur yaradılıb.

Binada rəsmi görüş və toplantılar üçün 25 otaq nəzərdə tutulur. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub.

Yüksək keyfiyyət, təhlükəsizlik və dayanıqlı inkişaf standartlarına cavab verən binada müasir texnologiya və informasiya sistemləri də quraşdırılıb.

Həmçinin əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət məkanı yaradılıb, 340 nəfərlik yeməkxana da onların ixtiyarına veriləcək.

Müxtəlif tədbirlərin və təqdimatların keçiriləcəyi 240 nəfərlik konfrans zalında isə hər bir şərait mövcuddur.

Gecə saatlarında binanın vizual tanınmasını təmin edən multimedia fasad sistemi müxtəlif işıq ssenarilərinin və proyeksiyaların tətbiqinə imkan verir. Fasad da daxil olmaqla, ərazinin və binanın işıqlandırılması hərəkət sensorlu LED texnologiyası ilə təchiz olunub. Bu isə öz növbəsində günün işıqlı saatlarında elektrik enerjisinə qənaət etməyə imkan verir.

***

Xatırladaq ki, Mərkəzi Bankın hazırda Rəşid Behbudov küçəsində yerləşən binası 1998-ci ildə istifadəyə verilib.

Ondan öncə isə Azərbaycanın Dövlət Bankı (müstəqillik dövründə Milli Bank, daha sonra isə Mərkəzi Bank adlandırılıb) 1931-ci ildə Bülbül prospektindəki inşa edilən üçmərtəbəli binada yerləşirdi.

Hər iki bina dövrünə görə görkəmli tikili, memarlıq nümunəsi sayılırdı. Mərkəzi Bankın 35 mərtəbəli yeni binası da yerləşdiyi məkandakı digər göydələnlərlə yanaşı Bakının müasir memarlığının nümunəsi kimi diqqət çəkir.

Onu da qeyd edək ki, Mərkəzi Bankın R.Behbudov küçəsindəki binasının yerləşdiyi yer vaxtilə Bakının Baş planında Respublika Sarayı (indiki Heydər Əliyev Sarayı) və Bakı Dəmiryolu Vağzalı binası arasında geniş park ərazisinin bir hissəsi kimi nəzərdə tutulmuşdu.   

Prezident Heydər Əliyev 1998-ci il oktyabrın 6-da binanın açılış mərasimində çıxış edərkən bu barədə söz açmış, Milli Bankın binasının məhz burada tikilməsindən narazılığını da ifadə etmişdi.

Həmin nitqdən bir hissəni diqqətə çatdıraq.

“Biz üç il bundan öncə (1995 – red.) Beynəlxalq Bankın binasının açılışında olduq və Beynəlxalq Bank, dediyim kimi, yaxşı fəaliyyətdədir. İndi də Milli Bankın yeni binasının açılışında iştirak edirik. Güman edirəm ki, özəl banklar da özü üçün müvafiq binalar yaradacaqlar və bunların hamısı Azərbaycanın inkişafı deməkdir, Bakının inkişafı və gözəlləşməsi deməkdir.

Mən ancaq bir şeydən narazıyam və bunu deməsəm, şübhəsiz, səmimi olmaram: Bu bankı gərək burada, bu yerdə tikməyəydilər. Mən bunu biləndən sonra çox etiraz etdim. Çünki bu, Bakının memarlıq, şəhər quruculuğu sistemini pozur və hesab edirəm ki, Bakı şəhərinin baş planının pozulması deməkdir. Çünki mən 70-ci illərin əvvəllərindən Azərbaycana başçılıq edərkən Azərbaycanın hər yeri mənim üçün əziz, doğma idi. Bakını həddindən artıq sevdiyimə görə paytaxtın inkişaf etməsinə və memarlıq nöqteyi-nəzərindən düzgün inkişaf etməsinə həmişə çox ciddi diqqət yetirmişəm. Biz 70-ci illərdə Bakının Baş planını bir neçə dəfə müzakirə və təsdiq etmişdik. Zaman keçib, çox şey dəyişib, amma şəhər tikintisi o qədər də dəyişilə bilməz.

Məsələn, xatirimdədir, burada, o öndəki Respublika sarayını biz 1970-ci ildə tikdik. İndi onun önündə, bax, burada hovuzlar var, gül-çiçək var, ağaclar var. O vaxt isə onun önündə birmərtəbəli binalar yerləşirdi və orada da müxtəlif insanlar ya yaşayır, ya da işləyirdilər. Bu, şəhərin bütün mənzərəsini pozurdu. Biz qısa bir müddətdə o binaların hamısını oradan dağıtdıq, orada yaşayan adamlara başqa yerlərdə mənzil verdik və burada Bakının gözəl bir guşəsini yaratdıq.

Burada bizim Musiqi Akademiyamız və onun önündə dahi Üzeyir Hacıbəyovun heykəli, orada əzəmətli Respublika Sarayı ucalır. O vaxtkı planımız belə idi: Buradakı binalar da götürülür, Sabunçu vağzalının qarşısında olan meydan, Cəfər Cabbarlının heykəlini qoyduğumuz meydan bura ilə birləşir və bura geniş bir istirahət zonasına çevrilir. Bəli, həmin o Respublika Sarayının da yaradılmasının təşəbbüskarı mən olmuşam. Sabunçu vağzalının yanındakı meydanın yenidən qurulmasının da, metro stansiyasının yaradılmasının da təşəbbüskarı mən olmuşam, orada Cəfər Cabbarlının heykəlinin qoyulmasının da təşəbbüskarı mən olmuşam və burada belə bir istirahət zonasının yaradılmasının da təşəbbüskarı mən olmuşam. Şübhəsiz ki, şəhərin Baş Memarlıq İdarəsi ilə birlikdə onların təklifləri və mənim bu barədə fikirlərimin hamısı cəm olubdur.

Belə bir halda bu binanın burada ucaldılması bizim o vaxtkı planımızı pozub. İş onda deyil ki, şəhərin baş planını pozub, iş ondadır ki, bu gözəl mənzərə pozulubdur. Doğrudur, bu bina da şəhərə gözəllik verir. Ancaq mənim xatirimdədir, o vaxt məsələni mənimlə razılaşdıranda bu binanın Tbilisi prospektində tikilməsi nəzərdə tutulmuşdu. Sonra isə şəhərin baş memarı səhv buraxıb və bu binanın burada tikilməsinə razılıq veribdir. Mən bunu sonra bildim və şəhərin baş memarına çox ciddi xəbərdarlıq etdim. Mən hesab edirəm ki, başqa yaxşı işlərinə baxmayaraq, hətta cəzalandırılmalıdır. Amma olan-olub, keçən-keçib. Mən indi içimdə olan dərdimi sizə deməsəydim özümü rahat hiss etməzdim.

Mənim dediyim bu sözlər bankın binasının əleyhinə olan bir şey deyildir. Mənim dediyim bu sözlər Bakı şəhərinə, onun memarlıq quruluşuna, gözəlliyinə olan hədsiz məhəbbətimdən irəli gəlir...”.

Mənbə: https://lib.aliyev-heritage.org/az/4079236.html

 ***

... P.S. Mərkəzi Bankın yeni binasının istifadəyə verilməsindən sonra, düşünmək olar ki, vaxtilə paytaxtın Baş planında nəzərdə tutulan həmin ideya, yəni Heydər Əliyev Sarayından Bakı Dəmiryolu Vağzalı binasınadək məkanın geniş parka çevrilməsi yenidən gündəmə gələ bilər...

 

Vüqar Orxan