Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı şəhər inkişafı sahəsində artan beynəlxalq rolunun aydın göstəricisidir. Azərbaycan zəngin şəhərsalma və memarlıq ənənələrinə malikdir.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova bunu WUF13 çərçivəsində keçirilən "UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi və dayanıqlı şəhər inkişafı” adlı paneldə söyləyib.

O deyib ki, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş abidələr – Bakının İçərişəhəri, Qız qalası və Şirvanşahlar sarayı kompleksi, həmçinin Şəkinin tarixi mərkəzi və Xan sarayı ölkənin zəngin mədəni irsini əks etdirir. Müasir dövrdə isə Heydər Əliyev Mərkəzi, "Alov Qüllələri" və “Ağ Şəhər” layihəsi Azərbaycanın innovasiya və dayanıqlı inkişaf baxışını nümayiş etdirir.

Nazir müavini diqqətə çatdırıb ki, “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası mədəni və yaradıcı sənayeləri əsas prioritetlərdən biri kimi müəyyən edib. Eyni zamanda “Mədəniyyət haqqında” Qanuna edilən dəyişikliklərlə yaradıcı sənayelərin hüquqi bazası gücləndirilib. Həmçinin mədəni və yaradıcı sənayelər üzrə milli təsnifat sistemi, həmçinin Azərbaycanda kino istehsalı sahəsində aparılan islahatların nəticələrindən biri olan geri ödəniş (cash rebate) mexanizmi kimi yeni təşviq alətləri tətbiq olunub.

Səadət Yusifova Azərbaycanın təhsil, insan kapitalı və yaradıcı infrastrukturun inkişafına xüsusi önəm verdiyini vurğulayıb: "Oyun və mədəniyyət texnologiyaları üzrə inkubasiya proqramları, müxtəlif yaradıcı sahələrdə sertifikat və təqaüd proqramları, həmçinin QHT-lərə qrant dəstəyi yeni nəsil yaradıcı peşəkarların formalaşmasına töhfə verir. Eyni zamanda Bakıda fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi yaradıcı şəxslər üçün peşəkar imkanlar təqdim edir və bu modelin regionlarda da genişləndirilməsi nəzərdə tutulur”.