Yaradıcı şəhərlər şəbəkəsi təxminən 10 il əvvəl formalaşmağa başlasa da, son 3 ildə bu istiqamətdə inkişaf daha sürətli olub. Hazırda yaradıcı sənayelərin dəstəklənməsi üçün yeni alətlər kimi qiymətləndirilən geniş layihələr şəbəkəsi mövcuddur.
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov bu barədə mayın 19-da WUF13 çərçivəsində keçirilən "UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi və dayanıqlı şəhər inkişafı” adlı paneldə danışıb.
ARKA-nın baş direktoru hazırda Azərbaycanda bir neçə dövlət və özəl yaradıcı məkan və mərkəzin fəaliyyət göstərdiyini deyib: "Yaxın dövrdə rəqəmsal sənətçilər və elektron musiqiçilər üçün nəzərdə tutulan "Yaradıcı çardaq", "Azərbaycanfilm" kinostudiyasında gənc və müasir kinematoqrafçılar üçün "Yaradıcı kino mərkəzi" kimi yeni təşəbbüslərin inkişafı planlaşdırılır. Bu layihələr yaradıcı icmaların daha sistemli şəkildə dəstəklənməsi və mövcud infrastrukturun yeni məzmunla aktivləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.



















