Xəbər verdiyimiz kimi, Azərbaycan paytaxtının ev sahibliyi etdiyi Dünya Şəhərsalma Forumunun (World Urban Forum) 13-cü Sessiyası (WUF13) münasibətilə reallaşan “Bakı Şəhərsalma Həftəsi” (Baku Urban Week) çərçivəsində mayın 16-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının ərazisində “Şəhərin səsi” adlı mədəni proqram təqdim olunub.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Yelo Bank və digər tərəfdaşların dəstəyi, “Torpağın Səsi” və “Atəşhub”un təşkilatçılığı ilə keçirilən tədbir urbanistika, elektron musiqi, rəqəmsal incəsənət və kino irsini bir araya gətirərək şəhəri sadəcə binalar və küçələr kimi deyil, canlı ritm və yaddaş kimi yenidən kəşf etmək ideyası ətrafında qurulub.

Bir gecəlik müasir art-məkana çevrilən kinostudiyada qonaqlar üçün “Azərbaycanfilm”in tarixinə eksklüziv ekskursiya da təşkil olunub.

Tədbirə rəsmilər, WUF13-un qonaqları, biznes və sənət dünyasının nümayəndələri ilə yanaşı, diplomatik korpusun təmsilçiləri də qatılıb.

Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann da mədəni proqramın qonaqları arasında olub.

Səfir “Azərbaycanfilm”in tarixinə eksklüziv ekskursiyada iştirak edərək, kino sənətimizlə bağlı faktlar, filmlərdə istifadə olunan tarixi geyimlər, silahlar, butafor nümunələrlə maraqla tanış olub.

Gecə boyu kinostudiya divarlarına nümayiş olunan rəqəmsal proyeksiyalar, “video mapping” şousu, eləcə də DJ-lərin elektron musiqi təqdimatları tədbirə fərqli bir estetika bəxş edib.