Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sənətşünaslıq elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi İsrafil İsrafilovun Türkiyədə çap olunmuş "Stanislavski ve oyunculuk sanatının grameri" ("Stanislavski və aktyor sənətinin qrammatikası") kitabının təqdimat mərasimi keçirilib.

Kitab görkəmli rus rejissoru, pedaqoq, teatr sənətinin islahatçısı Konstantin Sergeyeviç Stanislavskinin (1863-1938) yaradıcılığına həsr olunub.

Kitabın tərcüməçilərindən olan Karabük Universitetinin (Türkiyə) professoru Ali Asker bu nəşrə Türkiyə ali məktəblərində böyük ehtiyac olduğunu deyib. Bildirib ki, indiyə qədər Stanislavski sistemi, yaradıcılığı haqqında türk teatr xadimlərinin məlumatları səthi, qarışıq olub. Bu səbəbdən Türkiyənin teatr təhsili verən ali məktəbləri əsərin tərcüməsi və nəşrini  sevinclə qarşılayıblar.

ADMİU-nun professorları Aydın Talıbzadə, Əli Əmirli, Gülşad Baxşıyeva, Azad Şükürov, Məmmədsəfa Qasımov, Teatr sənəti fakültəsinin dekanı dosent Kəmalə Mehdiyeva müəllifin kitab üzərində çəkdiyi zəhməti yüksək dəyərləndiriblər.

Sonda çıxış edən müəllif kitabın yazılma ideyasından, məqsədindən müraciət etdiyi mənbələrdən danışıb, kitaba qonşu ölkələrdə olan yüksək maraqdan bəhs edib.

Qeyd edək ki, daha öncə Azərbaycan dilində çap olunmuş kitab ötən il İranda fars dilində də işıq üzü görüb. Hazırda kitabın özbək dilində tərcüməsi üzərində iş gedir.