İstiqlal Muzeyinin və Dövlət İdarəçilik Akademiyası Tələbə gənclər təşkilatının nəzdində fəaliyyət göstərən "Vətənpərvərlik" klubunun birgə təşkilatçılığı ilə "İzlərdən gələcəyə: Heydər Əliyev və müstəqil Azərbaycan" adlı tədbir keçirilib.

Tədbir Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.

İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli Ümummilli liderin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsi istiqamətində misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir və onun zəngin irsi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayır. 

Filoloq, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Məhəbbət Mehdiyeva çıxışında Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata və ziyalılara göstərdiyi diqqətin cəmiyyətin inkişafında oynadığı rolu xüsusi qeyd edib və bu diqqətin ölkədə milli-mənəvi dəyərlərin qorunmasına verdiyi töhfələri diqqətə çatdırıb.

Tədbir çərçivəsində ekskursiya təşkil edilib. Gənclər Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla yaxından tanış olublar.