Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə reallaşan “Sazın səsi, sözün nəfəsi” layihəsinin növbəti axşamı Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə həsr edilib.
Aprelin 23-də keçirilən tədbirin aparıcısı filologiya üzrə fəlsəfə doktoru İhamə Qəsəbova giriş sözündə Aşıq Ələsgər yaradıcılığının xalqın mənəvi yaddaşını, dilini və dünyagörüşünü yaşadan zəngin və qiymətli mədəni xəzinə olduğunu vurğulayıb.
Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev layihənin əhəmiyyətindən danışıb. Direktor vurğulayıb ki, Prezident İlham Əliyevin 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı Sərəncam imzalanması, eləcə də dövlət başçısının 2024-cü ildə sənətkarın abidəsinin açılış mərasimində səsləndirdiyi fikirlər böyük sənətkarın irsinə verilən yüksək qiymətin göstəricisidir.
Qeyd olunub ki, Aşıq Ələsgər Azərbaycan aşıq sənətinin zirvəsi, “Dədə”lik məqamına yüksəlmiş nadir sənətkarlardandır. Aşıq Ələsgər ümumtürk aşıq poeziyasında Yunus Əmrə, Əhməd Yəsəvi, Qurbani və Abbas Tufarqanlı kimi böyük sənətkarların davam etdirdiyi irfani-poetik xəttin parlaq nümayəndəsidir. O, Azərbaycan dilinin saflığını, milli koloritini və bədii zənginliyini özündə əks etdirən nadir poetik nümunələr yaradıb. Onun dili həm sadə, həm də dərin fəlsəfi qatlara malikdir.
Tədbirin qonağı, türkiyəli professor Ali Kafkasyalı Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə həsr etdiyi “Göyçənin bilgə ozanı: Aşıq Ələsgər” adlı kitabı barədə geniş məlumat verib.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, şair-publisist Yusif Nəğməkar çıxışlarında Aşıq Ələsgər zirvəsinin bədii-estetik və mənəvi miqyasını səciyyələndiriblər.
Tanınmış aşıqlar – Toğrul Ayrımelli, Gözəl Kəlbəcərli, Telli Borçalı, Şahin Qazaxlı, Nemət Qasımlı və Ramin Qarayev zəngin repertuarları ilə tamaşaçılara xoş ovqat bəxş ediblər. İfa olunan “Cəlili”, “Orta Sarıtel”, “Yar oynamasın”, “Ovşarı” aşıq havaları alqışlarla qarşılanıb.
Tədbirdə professor Ali Kafkasyalıya Folklor İnstitutu adından təşəkkürnamə təqdim edilib. Türkiyəli qonaq da öz növbəsində institutun direktoru Hikmət Quliyevə xatirə hədiyyəsi təqdim edib.

























