Azərbaycan incəsənətində fərqli estetik duyumlu, daxili aləmini rəngarəng əsərləri vasitəsilə saf şəkildə əks etdirən gənc istedadlarımız var. Pərvanə Hüseynli də onlardan biridir.

2003-cü ildə Rusiya Federasiyasının Kostroma şəhərində dünyaya gələn Pərvanənin həyat yolu erkən yaşlarından fərqli olub. O, təhsil həyatına xüsusi təhsil müəssisəsində başlasa da, bu mühit onun yaradıcılıq potensialının üzə çıxmasına mane olmayıb, əksinə, daxili dünyasını ifadə etmək bacarığını daha da gücləndirib. Rəsmə marağı kiçik yaşlarından özünü göstərib, uşaqlıq instinkti ilə evin divarlarında çəkdiyi sadə gül təsvirləri zamanla formalaşaraq kətanda əks olunmuş tablolara çevrilib.

2017-ci ildə ailəsi ilə Azərbaycana köçən Pərvanə yaradıcılıq fəaliyyətini fasiləsiz davam etdirib. 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində aldığı peşəkar təlimlər onun bədii dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. Burada o yalnız rəsm deyil, həmçinin dulusçuluq, floristika və milli-xarici rəqs sahələrində də bacarıqlarını inkişaf etdirib. Bu çoxşaxəli fəaliyyət onun yaradıcılığında ritm, harmoniya və kompozisiya duyumunun güclənməsinə təsir göstərib.

Pərvanə Hüseynlinin rəngkarlıq üslubuna nəzər saldıqda onun milli motivlərə və simvolik obrazlara xüsusi meylini görürük. Nar, Şuşa və təbiət mövzuları onun yaradıcılığında aparıcı xətt təşkil edir. Nar obrazı Azərbaycan mədəniyyətində bolluq və həyat enerjisinin rəmzi kimi çıxış etdiyi kimi, Pərvanənin əsərlərində də daxili zənginliyin və emosional dolğunluğun göstəricisinə çevrilir. Şuşa təsvirləri isə yalnız məkanın vizual təqdimatı deyil, həm də milli yaddaşın, mənəvi bağlılığın və vətən sevgisinin bədii ifadəsidir. Onun əsərlərindəki əlvan rəng seçimləri də diqqətəlayiqdir. Bənövşəyi, qırmızı və yaşıl tonların üstünlük təşkil etməsi Pərvanənin emosional dünyasının intensivliyindən xəbər verir. Qırmızı enerjini və həyatı, yaşıl ümid və yenilənməni, bənövşəyi isə daxili həssaslıq və poetik duyumu simvolizə edir. Bu rənglərin harmoniyası onun əsərlərinə xüsusi ekspressivlik və səmimiyyət bəxş edir.

Pərvanənin yaradıcılıq fəaliyyəti yalnız fərdi inkişafla məhdudlaşmır. O, ictimai və mədəni tədbirlərdə fəal iştirak edir, sərgilərdə diplom, sertifikat və mükafatlar qazanıb. Gənc rəssam ölkəmizin hüdudlarından kənarda, Moskva və Aktau şəhərlərində də sərgi və festivallarda uğurla çıxış edib.

2024-cü ildə İçərişəhərdə keçirilən sərgilərin birində çəkdiyi “Şuşa” mövzulu əsərini Leyla Əliyevaya təqdim etməsi onun üçün xüsusilə əlamətdar hadisə olub.

Pərvanə Hüseynlinin fəaliyyəti yalnız incəsənətlə məhdudlaşmır. Rəssamın ASAN və DOST mərkəzlərində könüllü fəaliyyəti isə sosial məsuliyyət hissinin və aktiv vətəndaş mövqeyinin bariz nümunəsidir. Bu keyfiyyətlər onun şəxsiyyətinin bütövlüyünü tamamlayır.

Bu gün Pərvanənin qarşısında duran əsas məqsəd ali təhsil almaq və gələcəkdə peşəkar rəssam kimi yeni nəsil yetişdirməkdir. Onun bu arzusu yalnız fərdi inkişaf istəyi deyil, həm də incəsənətin davamlılığına verilən töhfə kimi qiymətləndirilməlidir.

Pərvanə Hüseynlinin əsərləri akademik çərçivələrdən daha çox, ürəyin diktəsi ilə formalaşan incəsənətin nümunəsidir. Məhz bu səmimiyyət və istedad onun gələcəkdə Azərbaycan təsviri sənətində özünəməxsus yer tutacağına ümid bəsləməyə əsas verir.

 

Ziyarət Cabarova-Qəhrəmanova

sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi