Xəbər verildiyi kimi, 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə, həmçinin ziyarətçilərin asudə vaxtının səmərəli təşkili və onların muzeylər, tarix-mədəniyyət qoruqları vasitəsilə ölkəmizin zəngin mədəni irsi ilə yaxından tanış olması məqsədilə bu məkanlarda “açıq qapı” günü elan olunmuşdu.
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarındakı tarix-diyarşünaslıq muzeylərində ziyarətçi qəbulu həyata keçirilib və ekskursiyalar təşkil olunub.
Bu barədə regional idarə məlumat yayıb.
Gün ərzində muzeylər ziyarətçilər üçün açıq olub, giriş sərbəst təşkil edilib. Keçirilən ekskursiyalar zamanı ziyarətçilərə rayonların zəngin tarixi, maddi-mədəni irsi, qədim eksponatlar və milli dəyərlər barədə ətraflı məlumat verilib.
Muzey əməkdaşlarının təqdim etdiyi bələdçilik xidməti sayəsində qonaqlar ekspozisiyalarla yaxından tanış olub, regionun tarixini əks etdirən nadir nümunələri maraqla izləyiblər. Xüsusilə məktəblilərin və gənclərin fəal iştirakı diqqət çəkib.
“Açıq qapı” günü çərçivəsində həyata keçirilən bu təşəbbüs ziyarətçilərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, milli-mədəni irsimizin təbliği və qorunmasına xidmət edir.
***
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, idarənin və tabe müəssisələrin bir qrup əməkdaşı 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Sabirabad rayonunda yerləşən tarixi abidələri və yerləri ziyarət ediblər.
Rayonun ərazisindəki XVII əsrə aid (1657-ci il) "Qalağayın" məscidi, XVIII əsrə aid Baba Səmid türbəsinə ekskursiya zamanı abidələr haqqında ətraflı məlumat verilib.
























