Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı çərçivəsində Gəncə Dövlət Kukla Teatrı aprelin 17-də Xankəndi şəhərinə səfər edib.

Yaradıcı kollektiv Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə Əhməd Orucoğlunun “Zınqırovlu pişik” əsəri əsasında tamaşanı nümayiş etdirib.

Tamaşanın quruluşçu rejissoru Şamil Məmmədli, quruluşçu rəssamı Sara Məmmədovadır.

Bu barədə teatrdan məlumat verilib.

İki seansda (saat 12:00 və 13:30) göstərilən səhnə əsərinə ümumilikdə 300-dən artıq məktəbli baxıb.

Uşaqlar "Zınqırovlu pişik” tamaşasını alqışlarla qarşılayıb və nümayişin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Gəncə Dövlət Kukla Teatrının kollektivi səfər zamanı Əsgəran qalası, Xocalı Soyqırımı Memorial  Kompleksi, Xankəndi Zəfər Parkı və hazırda təmirdə olan Xankəndi Dövlət Dram Teatrı kimi tarix və mədəniyyət məkanlarını da ziyarət edib.

Qeyd edək ki, aparıcı bədii kollektivlərin ölkə miqyasında qastrol proqramı “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərindən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə  vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.