Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin müəllim və tələbə heyəti aprelin 17-də fakültənin Kitabxanaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədovun 65 illik yubileyi münasibətilə Milli Kitabxanada təşkil edilən ənənəvi və virtual kitab sərgiləri ilə tanış olublar.
Bu barədə kitabxanadan məlumat verilib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov, direktor müavini Ədibə İsmayılova, İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdiri dosent Knyaz Aslan və tələbələr kitabxanaşünas alimin fəaliyyəti haqqında danışıb, ürək sözlərini söyləyiblər.
Sərgilərdə Elçin Əhmədovun müəllifi olduğu monoqrafiyalar, dərslik və dərs vəsaitləri, dövri mətbuat səhifələrində çıxan məqalələri, fundamental elmi tədqiqatları, konfrans materialları, rəyçi və redaktoru olduğu kitablar, elmi fəaliyyəti haqqında və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Yubilyar alim təqdim olunan sərgilərə görə Milli Kitabxananın kollektivinə minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.






















