Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri Azərbaycan-Türkiyə beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov Ankaraya səfəri zamanı ekspedisiyanın fəaliyyəti ilə bağlı görüşlər keçirib.

AMEA-dan bildirilib ki,Türkiyə tərəfini təmsil edən Mardin Artuklu Universitetinin professoru Aynur Özfırat, Atatürk Universitetinin professoru Mehmet Işıklı və doktor Gencay Güloğlu ilə görüşdə ekspedisiyanın son iki il ərzində apardığı elmi tədqiqatlar və gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Sonra ekspedisiya üzvləri Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin müdir müavini Bülent Gönültaş, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, TİKA sədrinin müavini Yahya Coşkun, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin Qazıntılar və Tədqiqatlar şöbəsinin müdiri doktor Umut Görgülü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Vüqar Məmmədov və Türk Tarix Qurumunun sədr müavini Yunus Pustu ilə görüşlər keçiriblər.

Görüşlərdə 2024-cü ildən etibarən AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin və Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyevin dəstəyi, eləcə də Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin razılığı əsasında fəaliyyətə başlayan Azərbaycan-Türkiyə arxeoloji ekspedisiyasının ikiillik elmi nəticələri və gələcək fəaliyyət planları haqqında ətraflı məlumat verilib.

Türkiyə tərəfinin nümayəndələri ekspedisiyanın fəaliyyətini yüksək qiymətləndirib və bu layihənin Azərbaycan arxeoloqlarının xaricdə həyata keçirdiyi ilk beynəlxalq ekspedisiya olması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. 

Görüşlər zamanı ortaq tarixi və mədəni irsi əks etdirən İlk Tunc dövrünün Kür-Araz mədəniyyəti kimi nadir arxeoloji komplekslərin birgə tədqiqi və təbliği istiqamətində əməkdaşlığın genişləndirilməsi, həmçinin yeni birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Bununla yanaşı, ekspedisiyanın yalnız Türkiyədə deyil, Azərbaycanda da arxeoloji tədqiqatlar aparmasının vacibliyi vurğulanıb. Həmçinin 2026-cı il ərzində Türkiyənin İğdır bölgəsində səthi tədqiqatların davam etdirilməsi və ərazidə arxeoloji qazıntı işlərinin aparılması məsələləri müzakirə olunub.