Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Qarabağ savaşı ədəbiyyatımızda” adlı konfrans və sərgi keçirilib.

AYB-nin katibi Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Elçin Hüseynbəyli tədbiri açaraq bildirib ki, Qarabağ savaşı başlayandan qələm adamları bu mövzuda əsərlər yazıblar.

İstər Qarabağ işğalda olduğu dövrlərdə, istər torpaqlarımız işğaldan azad olunandan sonra bu mövzuda bədii nümunələr ərsəyə gəlib və nəşr olunub: “Hansı rakursdan yanaşırsan yanaş, müharibə fəlakətdir və qələm adamlarımız bunu heç vaxt unutmayıb. Düzdür, bu əsərlərin, kitabların hamısı yüksək bədii dəyərə malik deyil. Amma elə dəyərli nümunələr var ki, onlar təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da həm müxtəlif antologiyalar şəklində, həm də fərdi yaradıcılıq nümunələri kimi tanınıb".

Konfransda mövzu ilə bağlı nəsr və dramaturgiya üzrə AYB-nin katibi İlqar Fəhmi, publisistika üzrə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, poeziya üzrə isə AYB-nin poeziya seksiyasının rəhbəri, şair İbrahim İlyaslı məruzə ediblər.

Mövzular üzrə müzakirələr aparılıb.

Müzakirələrdə AYB sədri Xalq yazıçısı Anar, AYB-nin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev, AYB-nin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, millət vəkilləri və qələm adamları iştirak ediblər. 

Tədbir çərçivəsində Qarabağ savaşı mövzusunda əsərlərdən ibarət sərgi təşkil edilib.