Aprelin 10-da Heydər Əliyev Sarayı daha bir mədəniyyət və gənclik bayramına ev sahibliyi edib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşaq Fondunun dəstəyi ilə həyata keçirilən “Şən və Hazırcavablar Klubu (ŞHK) Junior Liqa – Anar Məmmədxanov Kuboku” çərçivəsində Bakının 18 məktəbinin ŞHK komandası böyük səhnədə öz istedadını nümayiş etdirib.
Layihənin bədii rəhbəri və tədbirin aparıcısı Səməndər Rzayev gecəyə xüsusi enerji qataraq proqramın dinamik və yüksək əhval-ruhiyyədə keçməsinə töhfə verib.
Bütün komandalar maraqlı, gərgin mübarizə şəraitində yüksək səviyyəli çıxışları ilə tamaşaçıların rəğbətini qazanıblar.
Nəticələr:
“Böyük qızıl kubok”
6 nömrəli məktəbin yığması – “Palata №6”
“Böyük gümüş kubok”
189-190 nömrəli məktəblərin yığması – “Abrakadabra”
“Böyük bürünc kubok”
Bakı Avropa Liseyi – “Fantastik dördlük”
“Kiçik qızıl kubok”
17 nömrəli məktəbin yığması – “Əhmədli səs-küyü”
“Kiçik gümüş kubok”
56 nömrəli məktəbin yığması
“Kiçik bürünc kubok”
18 nömrəli məktəbin yığması – “Şəhər uşaqları”
Həmçinin “Anar Məmmədxanov Kuboku”nda iştirak etdikləri üçün bütün komandalara xatirə olaraq kiçik kuboklar təqdim olunub.
Münsiflər heyəti: Murad Dadaşov, Cavid Şahbazbəyov, Zəhra Bədəlbəyli, İradə Məmmədxanova, Hacı Nuran Hüseynov, Nəriman Abdullayev.
Tədbirin sonunda çıxış edən münsiflər heyətinin üzvü, ŞHK Junior Liqanın direktoru Cavid Şahbazbəyov qeyd edib ki, layihə “Bakılı oğlanlar” ŞHK-nın əfsanəvi kapitanı Anar Məmmədxanovun əziz xatirəsinə həsr olunub. O vurğulayıb ki, bu möhtəşəm bir oyun, parlaq və enerjili ŞHK gecəsi oldu, bu böyük səhnə gənclərimiz üçün gələcəyinin başlanğıcıdır və layihə ŞHK nəslini yetişdirmək üçün onlara yeni imkanlar açmağa davam edəcək.




























