AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Əzizə Ələkbərova tərəfindən transfoneliterasiya edilib nəşrə hazırlanan “Həsən bəy Zərdabi. Türk nəğmələrinin məcmuəsi” kitabı işıq üzü görüb. Kitabda yer alan geniş ön sözün və lüğətin müəllifi də Ə.Ələkbərovadır.

Əlyazmalar İnstitutundan bildirilib ki, kitab Azərbaycan milli mətbuatının banisi, görkəmli pedaqoq, ictimai xadim, və təbiətşünas alim Həsən bəy Zərdabinin 1901-ci ildə çap etdirdiyi “Türk nəğmələrinin məcmuəsi”nin əski əlifbadan transfoneliterasiyasıdır.

Əsərin transfoneliterasiya edilmiş variantı ilk dəfə 2025-ci ildə Əlyazmalar İnstitutu tərəfindən nəşr olunan “Əkinçi”lər” kitabında yer alıb.

Əsər filoloq-tədqiqatçılarla yanaşı, türk (Azərbaycan) musiqi tarixinin, ədəbi-mədəni mühitinin araşdırılması ilə məşğul olan şəxslər üçün də dəyərli mənbədir.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru Mustafa Əliyev, rəyçiləri Pərvanə Teyyubova və BDU-nun müəllimi Eldost İbrahimovdur.